Hörmüz boğazının uzun müddət bağlanması və dünyada yanacaq ehtiyatlarının azalması fonunda qlobal yanacaq böhranı artıq başlayıb. Bu kontekstdə dünya miqyasında kommersiya yanacaq ehtiyatlarının altı aydan çoxdur ki, tükəndiyi bildirilir. Bu vəziyyət bir çox ölkələrdə yanacağın qiymətinə də təsirsiz ötüşmür. Məsələn, Almaniyada yanacağın orta qiyməti litrinə 2.286 avro (2 avro 28,6 sent) təşkil edib.
Qlobal yanacaq böhranı fonunda Azərbaycanda nə gözlənilir? Yanacağın qiyməti bahalaşa bilərmi?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yanacaq qiymətinin, xüsusən də benzin və dizel yanacağının bahalaşması gözlənilmir. Onun sözlərinə görə, ölkəmizə dizel ümumiyyətlə Tarif Şurası tərəfindən tənzimlənir:
“Dünya bazarı qiymətləri ilə xüsusi əlaqəsi yoxdur. Misal üçün, dekabr ayında neftin qiyməti 55-60 dollar olanda dizel və benzin 5-10 qəpik bahalaşdı. Bundan əvvəl 2024-ün iyulunda həm benzin, həm dizel bahalaşmışdı. Yəni, Tarif Şurasının qərarı ilə mütəmadi olaraq qiymətlərə baxılır. Lakin bu zaman bir çox məsələlər müqayisəli şəkildə nəzərdən keçirilir. Yəni, kəskin bahalaşma və ya ucuzlaşma məsələləri əhaliyə əks etdirilmir. Çünki qiymətlər tənzimlənən qiymətlərdir və Tarif Şurası tərəfindən həyata keçirilir".

Xalid Kərimli: İndiki məqamda dizel və 92 markalı yanacağın qiymətinin artması təhlükəsi...
Müsahibimiz qeyd edib ki, əsas nüans məhsulun yerli istehsal olması və qərarın buna uyğun verilməsidir. Lakin premium benzin xaricdən idxal olunur. Baxmayaraq ki, premium benzini özümüzün təmin etməyimiz üçün zavod da tikilmişdi.
"Reallıq budur ki, premium benzin hələ də xaricdən müəyyən qədər idxal olunur. Bu baxımdan qlobal yanacaq böhranı premium benzinin qiymətinə təsir edə bilər. Premium benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir, SOCAR-ın təşkilatları əsasında tənzimlənir. Premium benzinin qiyməti dünya bazarı qiymətlərinə daha həssasdır. Lakin dizel və 92 markalı yanacağın qiymətinin artması təhlükəsi indiki məqamda mövcud deyil", - deyə Xaliq Kərimli vurğulayıb.
Gülşən Şərif
















