Azərbaycan Respublikasında müxtəlif kateqoriyalardan olan vətəndaşlara aylıq Prezident təqaüdləri ödənilir.
Bakıvaxtı.az saytı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturlarına istinadən aylıq Prezident təqaüdlərinin məbləğini və kimlərə verildiyini dəqiqləşdirib. Onları diqqətinizə təqdim edirik:
"Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə - 2200 manat.
Əgər "Vətən Müharibəsi Qəhrəmanı” adı ölümündən sonra verilibsə və ya həmin ad verilmiş şəxs sonradan vəfat edibsə, Prezidnt təqaüdü onun aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:
- dul arvadına (ərinə);
- valideynlərinə;
- 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
- birinci növbədən digər qohumları olmayan baba və nənələrinə.
***
"Milli Qəhrəman” adı verilmiş hər bir şəxs üçün - 2000 manat.
Əgər "Milli Qəhrəmanı” adı ölümündən sonra verilibsə və ya həmin ad verilmiş şəxs sonradan vəfat edirsə, Prezident təqaüdü onun aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:
- dul arvadına (ərinə);
- valideynlərinə;
- 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
- birinci növbədən digər qohumları olmayan baba və nənələrinə.
***
"20 Yanvar şəhidi” ailəsinə - 700 manat.
***
Birinci və İkinci Qarabağ müharibəsi dövründə şəhid olan hərbçi və mülki şəxslərin ailəsinə - 700 manat.
Bu vəsait şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir:
- arvadına (ərinə);
- valideynlərinə;
- 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına;
- uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.
"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
***
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü - 1700 manat.
Bu təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi təsis edilib və 500 nəfər üçün müəyyən edilib.
***
"Xalq” fəxri adına görə təqaüd – 300 manat
Bu təqaüd xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün ayrılıb.
***
"Əməkdar” fəxri adına görə təqaüd – 200 manat.
Bu təqaüd əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisinə verilir.
***
Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə verilən Prezident təqaüdü
Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Averilənı Prezidentin aylıq təqaüdünün məbləğləri aşağıdakı kimidir:
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 manat;
Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;
Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat.
***
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) - 330 manat.
***
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) - 250 manat.
***
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) - 700 manat.
Təqaüd Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların aşağıdakı ailə üzvlərinə təyin edilir:
- valideynlərinə;
- dul arvadına.
***
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə - 120 manat.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, əlilliyi olan uşaqlarınailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur.
Ailədə iki və daha artıq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya əlilliyi olan uşaq olduqda, onlara qulluq edən şəxsə təqaüd orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi olan uşaqların hər birinə görə ödənilir.
***
Qarabağ müharibəsi veteranlarına – 80 manat.
***
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə - 350 manat.
***
Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə
- elmlər doktoru elmi dərəcəsinə görə - 500 manat;
- fəlsəfə doktoru elmi dərəcəsinə görə - 300 manat;
Bakı 




