"Gürcüstanın eks-prezidenti hakimiyyətə iki yeni tələb irəli sürüb".
Bakıvaxtı.az "Sputnik Geirgia"ya istinadən xəbər verir ki, bu barədə onun vəkilləri Rustavidəki 12 saylı həbsxanada eks-prezidentə baş çəkdikdən sonra jurnalistlərə bildiriblər.
Hüquq müdafiəçisi Şota Tutberidzenin sözlərinə görə, Mixail Saakaşvilinin iki əsas tələbi var: onun xarici dünya ilə əlaqəsini məxfi şəkildə bərpa etmək və müstəqil həkimlərin onu müayinə etməsinə icazə vermək.
Tutberidze bildirib ki, bu tələblər yerinə yetirilməsə, Saakaşvili yanvarın 6-dan etibarən “ifrat etiraz forması"na əl atacaq. Bu etiraz formasının nədən ibarət olduğu isə açıqlanmayıb.
Vəkillərin sözlərinə görə, müstəqil şuranın həkimlərinə hələ də Saakaşvili ilə görüşə icazə verilmir.
Qeyd edək ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili dekabrın 30-na keçən gecə 50 günlük aclıq aksiyasından sonra reabilitasiya kursu keçdiyi Qori hərbi hospitalından Rustavidəki 12 saylı həbsxanaya köçürülüb.
Saakaşvili bu il oktyabrın 1-də ona qiyabi çıxarılmış iki hökm əsasında Tbilisidə saxlanılıb.
















