q
  • Bakı 22° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Rusiya ilə universitet açırıq

CƏMİYYƏT

13 May 2026 | 15:16

Rusiya ilə universitet açırıq

“Rusiya ilə Azərbaycan arasında son zamanlar zəifləmiş mədəni və humanitar əlaqələri yenidən canlandırmağın vaxtıdır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin TASS-a verdiyi müsahibədə bildirib.

Diplomat vurğulayıb ki, sıx mədəni və humanitar əlaqələr olmadan tam hüquqlu ikitərəfli əməkdaşlığı təsəvvür etmək mümkün deyil:

“Bizim perspektivli layihələrimiz var, məsələn, Azərbaycanda Sankt-Peterburq Dövlət Universitetinin nəzdində birgə universitetin yaradılması, iki ölkənin Moskva və Bakıda səfirlikləri nəzdində məktəblərin yaradılması kimi”.

Rusiya ilə birgə universitetlərin yaradılmasının perspektivi varmı? Rusiya təhsili müasir dövrdə bizə nə verə bilər?

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:

“Azərbaycanla Rusiya arasında münasibətlər uzun tarixi ənənələrə əsaslanır. Bu əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi üçün qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri mütləq şəkildə gözlənilməlidir. Ölkələrimiz arasında əməkdaşlıq çoxşaxəlidir və humanitar sahədə də bu əməkdaşlıq getdikcə dərinləşir.

Hazırda Bakıda Seçenov və Lomonosov adına universitetlərin filialları fəaliyyət göstərir və burada ixtisaslı mütəxəssislər hazırlanır. Eyni zamanda, Sankt-Peterburq Dövlət Universitetinin Azərbaycanda filialının açılması, həmçinin səfirliklərin nəzdində məktəblərin yaradılması da mümkün perspektivlərdən hesab oluna bilər”.

Deputatın sözlərinə görə, Rusiyanın təhsil sistemi dünya təhsil məkanında güclü sistemlərdən biri sayılır: “Bu baxımdan təhsil sahəsində əməkdaşlığın genişlənməsi, Azərbaycanın dövlət maraqları və milli ideologiyası əsasında fəaliyyət göstərən təhsil müəssisələrinin yaradılması bilik səviyyəsinin yüksəlməsinə xidmət edə bilər. “Rusiyanın təhsili bizə nə verə bilər” sualına mənim subyektiv cavabım var: əgər burada hansısa ideoloji təsir ön plana çəkilməzsə, Rusiya təhsili yüksək səviyyədə bilik və peşəkar hazırlıq verə bilər. Sovet dövründə rus təhsil sistemi ilə yetişmiş mütəxəssislər bu gün də Azərbaycanın inkişafına töhfə verməkdədirlər”.

Deputat əlavə edib ki, hazırda da çox sayda azərbaycanlı gənc Rusiyanın qabaqcıl universitetlərində təhsil alır: “Onlar qazandıqları bilik və bacarıqları ölkəmizə qayıtdıqdan sonra Azərbaycanın inkişafına yönəldə bilərlər. Sankt-Peterburq Dövlət Universiteti də Rusiyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Əgər həmin universitetin Azərbaycanda filialı açılarsa və burada müasir biliklərə yiyələnmiş peşəkar kadrlar hazırlanarsa, mən bunda mənfi bir məqam görmürəm. Əsas məsələ odur ki, bu əməkdaşlıq Azərbaycanın milli maraqlarına, təhsil strategiyasına və gələcək inkişaf məqsədlərinə uyğun şəkildə qurulsun”.

Qeyd edək ki, Rusiyada ali təhsilin keyfiyyəti son illərdə ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə Ukrayna müharibəsindən sonra bir sıra Rusiya universitetlərinin beynəlxalq reytinqlərdə geriləməsi, Qərb universitetləri ilə əməkdaşlıqların azalması və diplomların tanınması ilə bağlı suallar artıb. Bununla belə, dünyanın nüfuzlu reytinq sistemlərinə baxdıqda görünür ki, Rusiyanın bəzi aparıcı universitetləri hələ də müəyyən mövqelərini qoruyur. Xüsusilə Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti və Moskva Dövlət Texniki Universiteti kimi ali məktəblər texniki və fundamental elmlər sahəsində müəyyən nüfuza malikdir. Ümumi mənzərədə isə Rusiya universitetlərinin beynəlxalq akademik inteqrasiyası əvvəlki illərlə müqayisədə zəifləyib.

Ekspertlər bildirirlər ki, əvvəllər Rusiya universitetlərinin əsas üstünlükləri münasib təhsil haqqı, rusdilli tələbələr üçün adaptasiya rahatlığı və texniki ixtisaslarda güclü baza idi. Bu gün isə əsas risk diplomların beynəlxalq tanınması, akademik mübadilə imkanlarının azalması və məzunların Qərb ölkələrində iş tapmaq imkanlarının məhdudlaşması ilə bağlıdır.

Bununla belə, Rusiyada oxuyan tələbələrin perspektivi tamamilə itmiş sayılmır. Xüsusilə tibb, mühəndislik, enerji və bəzi texniki sahələrdə Rusiya universitetlərinin müəyyən ənənəsi qalır. Ancaq gələcəkdə beynəlxalq karyera qurmaq istəyən tələbələr üçün əlavə sertifikatlar, xarici dil bilikləri və beynəlxalq təcrübə daha vacib rol oynayacaq.


SON XƏBƏRLƏR