• Bakı 14° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Regional savaşın kölgəsində: Bakı hansı addımları atmalıdır?

SİYASƏT

01 Aprel 2026 | 15:41

Regional savaşın kölgəsində: Bakı hansı addımları atmalıdır?

İran və İsrail arasında davam edən münaqişə yalnız Orta Şərqdə deyil, eyni zamanda Cənubi Qafqazda da təhlükəsizlik mühitini dəyişdirir. Xüsusilə Azərbaycanın cənub qonşusu olan İranın savaşla bağlı vəziyyəti, regionda risklərin artmasına və enerji, nəqliyyat və təhlükəsizlik gündəminin yenidən formalaşmasına səbəb olur.

İran müharibəsinin genişlənməsi Cənubi Qafqaz ölkələrinin, xüsusilə Azərbaycanın təhlükəsizlik gündəmini yenidən formalaşdırır. Bəs, Azərbaycan regional müharibənin yaratdığı riskləri neytrallaşdırmaq üçün hansı diplomatik və enerji təhlükəsizliyi strategiyalarını gücləndirməlidir?

Mövzuya bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, ABŞ, İran və İsrail arasında baş verən münaqişə təkcə regional deyil, həm də qlobal səviyyədə ciddi təhlükəsizlik riskləri yaradır. İranın bizim cənub qonşumuz olması fonunda bu hadisələr regiona istər-istəməz neqativ təsir göstərir və həmçinin regionda təhlükəsizlik arxitekturası ilə bağlı mühüm məsələləri gündəmə gətirir:

"Azərbaycan bütün bunları nəzərə alaraq balanslı siyasətini davam etdirir. Ölkə həm münaqişədən kənarda qalmaq, onun təsirlərini neytrallaşdırmaq, həm də enerji resurslarını dünya bazarına təhlükəsiz çıxarmaq istiqamətində addımlar atır. Qeyd etmək lazımdır ki, münaqişə başlayandan bir neçə gün sonra Naxçıvana edilən dron hücumları bölgədə təhlükəsizlik vəziyyətinin nə qədər kövrək olduğunu göstərdi".

Oqtay Qasımov: Türkiyə ilə əlaqələri daha da dərinləşdirmək vacibdir

Politoloqun sözlərinə görə, Azərbaycan öz təhlükəsizliyi, xüsusilə enerji təhlükəsizliyi siyasətini davam etdirməli, riskləri neytrallaşdırmaq üçün bu günə qədər həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətini qoruyub saxlamalıdır. Bununla yanaşı, ölkə strateji müttəfiqi Türkiyə ilə əlaqələrini koordinasiyalı şəkildə davam etdirməli və bölgədə marağı olan digər güclərlə də münasibətləri qoruyub saxlamalıdır. Xüsusilə Rusiya və İranla olan balansı qorumaq, Türkiyə ilə əlaqələri daha da dərinləşdirmək və prosesləri koordinasiya etmək vacibdir:

"Eyni zamanda, Çinlə dialoqu gücləndirmək də önəmlidir. Çünki Güney Qafqaz, Xəzər akvatoriyası və Mərkəzi Asiya Çin üçün maraq dairəsində olan bölgələrdir. Bu ərazilərdən Orta Dəhliz keçir və hazırda Çini Avropa ilə birləşdirən ən təhlükəsiz istiqamət məhz buradır. Çin həm Rusiya, həm də İran üzərində müəyyən təsirə malik olduğundan onunla dialoqun davam etdirilməsi Azərbaycanın maraqlarına uyğundur".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR