Ötən gün parlamentdə bəzi deputatlar nəqliyyat istiqamətində islahatların aparılmasının zəruriliyindən danışıblar. Şəhərdə yaranan sıxlıqdan, tıxacdan, cərimələrin çoxluğundan şikayətlənən parlametarilər yeni qanun layihəsinə səs verməyəcəklərini bildiriblər.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a bildirib ki, nəqliyyat istiqamətində islahatlar aparılır: “Bunun nəticələrindən biri də odur ki, Azərbaycanda Yerüstü Nəqliyyat Agentliyi yaradıldı. Artıq qurumun Nizamnaməsi də təsdiq olunub və təşkilatlanması prosesi gedir. Ümid edirik ki, yeni qurumun yaradılması ilə Azərbaycanda nəqliyyat sahəsindəki bəzi boşluqlar aradan qaldırılacaq”.
Bir müddət Bakı və ümumilikdə ölkədə nəqliyyatla bağlı problemlər yaşandəğını deyən ekspert bildirib ki, ümumiyyətlə, həmin illərdə bu sektorda tamamilə özbaşınalıq olub. Dediyinə görə, getdikcə bu islahatlar mərhələli şəkildə aradan qaldırılmağa başlayıb.
E.Cəfərov qeyd edib ki, Bakı şəhərində olan tıxac sakinləri ən çox narahat edən problemlərdəndir: “Sakinlər həm də bu problemə görə güclü stress yaşayır. Tıxac həmçinin Bakının iqtisadiyyatına böyük ziyan vurur. Millət vəkillərinin bu narahatlığı olduqca başadüşüləndir. Həqiqətən də evdən işə, işdən evə gedənlər tıxacla qarşılaşır. Bundan əlavə, sürücülər dayanma-durmaya görə hər addımbaşı cərimələnirlər. Bu da əlbəttə ki, Bakı sakinlərində narazılıq yaradır”.
Müsahibimiz deyir ki, bu problemlərin aradan qaldırılması üçün ümumi bir konsept var - bu, Azərbaycan Respublikasının Yol Hərəkətinin Təhlükəsizliyi haqqında Dövlət Proqramıdır: “Bu proqramı Prezident 2018-ci ildə imzalayıb. Proqarm 2019-2023-cü illəri əhatə edir. Bu 5 il ərzində Azərbaycanda təhlükəsizliyə nail olmaq, həmçinin nəqliyyat sektorunun mükəmməlləşdirilməsi, vətəndaşların yollarda təhlükəsiz hərəkəti, qəzaların sayının azaldılması ümumi böyük bir dövlət proqramıdır” deyən ekspert islahatlarıb aparılacağına və uğurlu olacağına ümid edir.
Nuranə Daxilqızı
















