İtaliyanın şimalında yerləşən Parma şəhəri yaxınlığındakı “Magnani Rocca” Fondu Muzeyi silahlı və maskalı şəxslərin hücumuna məruz qalıb. Hadisə nəticəsində dünya şöhrətli rəssamların üç əsəri oğurlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, martın 22-də muzeyə daxil olan dörd maskalı şəxs fransız rəssamlar — Pyer-Ogüst Renoir, Pol Sezann və Anri Matissə məxsus rəsmləri ələ keçirib.
Ümumi dəyəri təxminən 9 milyon avro olan əsərlərin tanınmış kolleksiyaçı Luisi Maqnaninin kolleksiyasına aid olduğu bildirilib.
Soyğun muzey kompleksində yerləşən “Villa dei Capolavori” binasında baş verib. Oğrular əsas giriş qapısını zorla açaraq, birinci mərtəbədəki “Fransız otağı”na daxil olub, rəsmləri götürdükdən sonra bağça hissəsindəki hasarı aşaraq qaçıblar. Hadisənin üç dəqiqədən az müddətdə baş verdiyi qeyd olunur.
Oğurlanan əsərlər arasında Renoirun “Balıq” (“Les Poissons”), Sezannın “Albalı və şaftalı ilə natürmort” əsəri, həmçinin Matissin “Terrasda Odaliska” adlı tablosu yer alır. Xüsusilə Sezannın nadir akvarel işi və Renoirun 1917-ci ildə çəkdiyi yağlı boya əsəri diqqət çəkir.
Muzey rəhbərliyi bildirib ki, təhlükəsizlik sisteminin vaxtında işə düşməsi oğruların daha çox əsər aparmasının qarşısını alıb. Siqnalizasiya aktivləşdikdən sonra cinayətkarlar hadisə yerini tərk ediblər.
Hazırda İtaliya hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırma aparılır. Təhlükəsizlik kameralarının görüntüləri incələnir və oğruların qaçış marşrutu müəyyənləşdirilməyə çalışılır.
Qeyd edək ki, 1977-ci ildə yaradılan “Magnani Rocca” Fondu zəngin kolleksiyası ilə tanınır və burada Albrext Dürer, Piter Paul Rubens, Antoni van Deyk, Fransisko Qoya və Klod Mone kimi sənətkarların əsərləri də nümayiş olunur.
Bakı 




