Bəzi xəstəliklər var ki, xronikidir və tam müalicə olunmur. Belə xəstəliklərdən biri də Lupus xəstəliyidir.
Bakıvaxtı.az xəbər verir ki, digər adı qırmızı qurd eşənəyi olan bu xəstəlik dəri, dırnaq, saç və ağız boşluğunun selikli qişasında başlayan lesionlarla ortaya çıxır.
Araşdırmaya görə, bu xəstəlik daha çox 20-40 yaşarası qadınlarda inkişaf edir. Xəstəliyin ən xarakterik simptomu xəstənin yanaqlarında və burnun üst hissəsində qırmızı səpgilərin olmasıdır. Səpgilər birləşərək "kəpənək" formanı alır. Bəzən səpgilər boyunda, sinədə, əllərdə və pəncələrdə də əmələ gəlir. Xəstəliyin iki əsas forması var: dəri-lupus (diskoid və subakut) və sistemli forma. Dəridə kəpənəkvari eritem üzdə, xüsusən burun-dodaq üçbucağını saxlayaraq yanaqlara yayılır.
Sistemli formaya poliartrit, fotosensitiv səpgilər, serozit (plevrit, perikardit), böyrək zədələnməsi, hematoloji anomaliyalar (leykopeniya, trombositopeniya) və neyropsixiatrik bozukluqlar daxildir.
Əsasən böyrək zədələnməsi yaradan bu xəstəlik ağ ciyər, ürək, mərkəzi sinir sistemi, periferik sinir sistemi, göz, mədə-bağırsaq sistemi, oynaq, qan xəstəlikləri və psixiatrik problemlər də yarada bilər. Diaqnozun qoyulmasında gecikmə baş verərsə və həkim tərəfindən müvafiq müalicələr təyin edilməzsə, daxili orqanların sıradan çıxmasına bağlı xəstənin itirilməsi də mümkündür.
Lupus təkbaşına müşahidə oluna bilsə də, çox zaman digər autoimmun xəstəliklərlə birlikdə ortaya çıxır. Bunlara Hashimoto tiroiditi, revmatoid artrit, Sjögren sindromu və sklerodermiya daxildir. Lupusun ilk və ən çox görülən əlamətlərindən biri oynaqlarda narahatlıqdır. Simmetrik oynaq ağrısı, xüsusilə barmaq, bilək, dirsək və diz oynaqlarında şişlik, qızartı və hərəkət məhdudluğu ilə xarakterizə olunur.
Xəstəliyin əmələ gəlmə səbəbləri tibbdə hələlik məlum deyil. Xəstəliyin diaqnostikası və müalicəsi revmatoloqlar tərəfindən həyata keçirilir.
Gülşən Şərif
Bakı 




