Məşhur müğənni Ledi Qaqanın nişanlısı Maykl Polanski ilə ilk övladını dünyaya gətirdiyi bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, “Page Six”in məlumatına görə, 40 yaşlı sənətçi və 42 yaşlı Polanski valideyn olublar. Lakin körpənin adı, cinsi və doğum tarixi ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.
Xəbərin yayılmasından qısa müddət sonra Qaqa və Polanski yeni doğulmuş körpə ilə birlikdə görüntüləniblər.
Sənətçinin son aylarda ictimaiyyət qarşısında nadir hallarda görünməsi də diqqət çəkib. O, sonuncu dəfə avqust ayında Şimali Kaliforniyada pərəstişkarları ilə görüşü zamanı çəkdirdiyi selfi ilə gündəmə gəlmişdi. Qaqa həmçinin aprel ayında başa çatan “The Mayhem Ball” turundan sonra ictimai tədbirlərdə əvvəlki qədər görünməyib.
“Daily Mail” nəşri məsələ ilə bağlı Ledi Qaqanın nümayəndələrindən açıqlama almağa çalışsa da, hələlik cavab əldə edilməyib.
Əsl adı Stefani Joanne Angelina Germanotta olan Ledi Qaqa ilə Maykl Polanski 2019-cu ildən münasibətdədir. Cütlük 2024-cü ilin aprelində nişanlanıb.
Qeyd edək ki, Ledi Qaqanın ana olması ilə bağlı yayılan məlumat hələlik onun nümayəndələri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
















