UFC-nin yüngül çəki dərəcəsində reytinqinin ikinci pilləsində qərarlaşan, Ermənistanı təmsil edən Arman Tsarukyan və braziliyalı Maurisio Rufinin "UFC 331" turnirindəki döyüşdən sonra tibbi diskvalifikasiya müddətləri bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, Kaliforniya Ştatının İdman Komissiyasının qərarı ilə hər iki idmançıya eyni məhdudiyyətlər tətbiq edilib.
Tsarukyan və Rufi 45 gün müddətinə yarışlardan uzaqlaşdırılıblar. Bununla yanaşı, növbəti 30 gün ərzində onların kontaktlı məşqlər etməsi qadağan olunub. Həmçinin sağ göz ətrafında yaranan dərin kəsik səbəbindən hər iki döyüşçü 60 gün müddətinə və ya xüsusi həkim icazəsi olanadək qarışıq döyüş növləri (MMA) üzrə turnirlərdən kənarlaşdırılıb.
Xatırladaq ki, Tsarukyan-Rufi qarşılaşması sentyabrın 19-dan 20-nə keçən gecə Los-Ancelesdəki "Crypto.com" arenasındakı "UFC 331" turnirində baş tutub. Erməni idmançı birinci raundun bitməsinə cəmi 4 saniyə qalmış rəqibini nokaut edərək qələbə qazanmışdı./Qafqazinfo
















