Fransız təhlil firması bu il Ukraynada buğda istehsalının 35 faiz azalacağını bildirib. Həmçinin rus qoşunlarının Ukraynadan taxıl oğurladığı da iddia edilir.
Bakıvaxtı.az xəbər verir ki, dünyanın aparıcı buğda ixracatçılarından olan Ukraynada buğda istehsalının müharibə səbəbindən bu il kəskin şəkildə azalacağı təxmin edilir. Fransız məlumat təhlili firması Kayrros, Amerika Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) peyk fotoşəkillərinə əsaslanan təhlildə bu azalmanın keçən illə müqayisədə 35 faiz olacağını təxmin edib.
Kənd təsərrüfatında yanacaq və kadr qıtlığının olduğunu qeyd edən Kayrros bu il Ukraynada 21 milyon ton buğda istehsal ediləcəyini təxmin edib. Qeyd olunub ki, bu rəqəm 2021-ci illə müqayisədə 12 milyon ton azdır və son beş ilin orta göstəricisindən 23 faiz azdır.
Kayrros davam edən müharibə və buğda istehsalında əhəmiyyətli paya malik olan ölkənin şərq bölgələrində qarşıdurmaların güclənməsi səbəbindən istehsalın gözləniləndən az ola biləcəyini izah edib. Məhsul yığımı zamanı belə infrastrukturun zədələnməsi səbəbindən məhsulun emalı və daşınmasının çox çətin olduğu və Rusiya ordusunun Odessa limanının qarşısını kəsdiyi diqqətə çatdırılıb.
Kayrrosun qiymətləndirdiyi NASA fotoşəkilləri 14-22 aprel tarixləri arasında tarlaların vəziyyətini göstərir. Ukrayna hökuməti isə ölkədə buğda istehsalının yarıbayarı azalacağını proqnozlaşdırmışdı.
Bərəkətli torpaqlara malik Ukraynanı Avropanın taxıl anbarı kimi qələmə verirlər. Müharibədən əvvəl dünyanın dördüncü ən böyük qarğıdalı idxalçısı olan Ukrayna dünyanın üçüncü ən böyük buğda idxalçısı olmaq yolunda idi. Ukrayna bütün dünya üzrə buğda idxalının 12 faizini həyata keçirir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ukraynada da 700 min ton taxılın itdiyini açıqlayıb. FAO-nun Bazar və Ticarət Direktorunun müavini Yozef Şmidhuber bildirib ki, onlar Rusiya qoşunlarının taxılları ələ keçirərək öz ölkələrinə göndərdiyini təxmin edirlər.
"(Rusiya silahlı qüvvələrinin) taxıl oğurlayıb yük maşınlarında Rusiyaya göndərdiyinə dair anektodik sübutları var", - Şmidhuber Cenevrədə mətbuata açıqlamasında bildirib. Şmidhuber sosial mediada oğurluğa işarə edən videoların olduğunu və oradakı görüntüləri real hesab etdiklərini bildirib.
Aytac Aslan
















