""Bizim kəndimizdə qaz ola-ola, niyə evimizə qaz vermirlər". Tovuz kəndlərində bir çox insan soyuqda bu sual haqqında düşünür".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, seçicilər elə bilirlər ki, deputatlar onların məsələlərini qaldırmır: "Mən dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm. İş görmürlərsə, zəhmət çəkib çıxıb əhaliyə açıqlama versinlər. Tovuzun 48 yaşayış məntəqəsinə qaz vermirlər. Əhali deyir ki, dünyaya qaz satırıq, bizim niyə qazımız yoxdur?! Cənab Prezidentin verdiyi təlimatları bir çox aidiyyatı qurumlar yerinə yetirmirlər".
Deputat qeyd edib ki, qaz sahəsində problemlər var: "Nə qədər zəng etmək, müraciət etmək olar? Biri mənə dedi ki, qazinin evi 1 kilometr uzaqlıqda yerləşir, onun evinə necə qaz çəkək? O qazi evi qanunsuzmu alıb? Əlində rəsmi sənədi var. Qazi torpaqlarımızın azadlığı yolunda canını qoyub, onun evinə zəhmət çəkib qaz vermək bu qədər çətindir?!“
Nuranə Daxilqızı
















