Bakının Nizami rayonunda baş vermiş yanğın hadisəsini işıqlandıran APA TV-nin əməkdaşı fiziki zorakılığa məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonu, Davud Aslan küçəsində yerləşən taxta bazarında baş verən güclü yanğın zamanı qeydə alınıb.
Hadisə yerinə ezam olunan APA TV-nin müxbiri Sənan Bəhrəmliyə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edib. O, jurnalistə fiziki xəsarət yetirib, onu təhqir edib və APA TV-yə məxsus texniki avadanlığa zərər vurub.
Araşdırmalar zamanı jurnalistə hücum edən şəxsin həmin obyektdə mühafizəçi işləyən Heydər Sərdarov olduğu müəyyən edilib. Polis əməkdaşlarının müdaxiləsindən sonra H.Sərdarov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb. Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Bundan başqa, jurnalistə yetirilmiş xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.
***
12:30
APA TV-nin əməkdaşı Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz qalıb.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunmuş APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı zorakılıq edilib.
Peşə fəaliyyətini yerinə yetirən jurnalistə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edib.
Əvvəlcə şəxsiyyətini açıqlamaqdan imtina edən həmin şəxs Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu ağır söyüşlərlə təhqir edib və APA TV-yə məxsus texniki avadanlığa zərər vurub.
Sonradan APA TV tərəfindən aparılan dəqiqləşdirmə nəticəsində jurnalistə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib.
Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində H. Sərdarov ərazidən uzaqlaşdırılıb.
Polis hadisə ilə bağlı Sənan Bəhrəmlidən ilkin ifadə alıb.
















