Braziliya Prezidenti Luis İnasio Lula da Silva ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatların ölkənin suverenliyinə ciddi zərbə vurduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Lula bunu CNN-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ-nin davranışları Vaşinqtonun Venesuelaya nəzarət etdiyi görüntüsünü yaradır.
“ABŞ-nin Venesuelaya etdiyi hərəkət çox ciddidir. ABŞ Venesuelaya nəzarət etdiyi fikrini çatdırır. Bu mesaj bütün sənədlərdə və razılaşmalarda yer alır, sanki ABŞ Venesuelanın böyük bossudur. Ölkənin suverenliyi praktik olaraq itirilib”, – Lula bildirib.
Braziliya prezidenti mövcud vəziyyətin heç bir tərəf üçün əlverişli olmadığını vurğulayıb.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada bir sıra mülki və hərbi hədəflərə zərbələr endirib və Prezident Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores ABŞ qüvvələri tərəfindən saxlanılaraq ölkədən çıxarılıb. CNN həmin gün ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun müvəqqəti olaraq Venesuelanı idarə edəcəyini açıqladığını bildirib.
Maduro və Flores daha sonra Nyu-Yorkun federal məhkəməsində narkotik qaçaqmalçılığı və digər ittihamlarla bağlı proses qarşısına çıxıblar. Maduro ittihamları rədd edib. Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq Delsi Rodriges icra edir.
Murad İsmayıl
















