"Biz Gürcüstan hakimiyyəti ilə əməkdaşlığı bərpa etməyi çox istəyirik, lakin bunun baş verməsi üçün onlar müəyyən addımlar atmalıdırlar".
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos deyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti irəliləmək əvəzinə çoxsaylı qanunlar qəbul etməklə geriyə addımlar atır.
"Gürcüstan hakimiyyəti Avropa dəyərləri istiqamətində irəliləmədikcə biz onlarla əməkdaşlıq etməyəcəyik", - deyə Aİ rəsmisi əlavə edib.
Marta Kos qeyd edib ki, Gürcüstan hakimiyyəti ilə əməkdaşlığın olmamasına baxmayaraq, Aİ vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqədədir və gürcü xalqını dəstəkləyir.
Qeyd edək ki, bu gün Lüksemburqda Aİ XİN başçıları Şurasının iclası keçiriləcək. Toplantının gündəliyində Gürcüstandakı vəziyyətlə bağlı məsələ də yer alıb.
Xatırladaq ki, Gürcüstan hökuməti 2024-cü ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonunadək gündəmə gətirməyəcəyini bəyan edib. Bu qərardan sonra Tbilisi-Brüssel münasibətlərində gərginlik hökm sürür. Gürcüstan hakimiyyəti avrointeqrasiya prosesinin dayandırılmasında Avropa bürokratiyasını ittiham edir.
















