• Bakı 24° C

    7.1 m/s

Zelenskinin konstruktivlik mesajı: Ukrayna geri addım atır?

SİYASƏT

07 Sentyabr 2026 | 16:14 | Müəllif: Qalib İbrahimoğlu

Zelenskinin konstruktivlik mesajı: Ukrayna geri addım atır?

Ukrayna ABŞ nümayəndələri ilə görüşdən əvvəl danışıqlar qrupu ilə iclas keçirib və öz təkliflərini hazırlayıb. Bu barədə bildirən Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin konstruktiv mövqe nümayiş etdirməyə və müharibənin başa çatmasını yaxınlaşdırmağa hazır olduğunu bəyan edib.

Zelenskinin bu açıqlaması Rusiya üçün bir mesaj ola bilərmi? Bu açıqlama Ukraynanın müharibədən geri addım atması kimi dəyərləndirilə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Volodimir Zelenskinin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşdən əvvəl danışıqlar qrupu ilə iclas keçirərək Kiyevin təkliflərini hazırlaması və Ukraynanın konstruktiv mövqeyə hazır olduğunu bəyan etməsi, ilk növbədə, diplomatik prosesə açıq siyasi siqnal kimi qiymətləndirilə bilər:

"Zelenski dəfələrlə bildirib ki, Ukrayna müharibənin başa çatmasına nail olmaqda maraqlıdır və danışıqlara koordinasiyalı, məzmunlu və realist yanaşmağa hazırdır.

Bu açıqlamanın Rusiya üçün əsas mesajı ondan ibarətdir ki, Kiyev danışıqlar masasından qaçmır. Əksinə, Vaşinqtonun Moskva və Kiyev arasında vasitəçilik təşəbbüsünü müəyyən şərtlərlə dəstəkləyir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki Uitkoff və Kuşner əvvəlcə Moskvada Putinlə görüşüb, daha sonra Kiyevə gediblər. Moskva görüşündə konkret razılaşma əldə olunmasa da, tərəflər mümkün nizamlanma yolları barədə fikir mübadiləsi aparıblar və ABŞ nümayəndələri yeni üçtərəfli danışıqların bərpasına ümid etdiklərini bildiriblər. Lakin Zelenskinin bu mövqeyini Ukraynanın müharibədən geri addım atması kimi şərh etmək üçün hər hansı bir əsas yoxdur".

Müsahibimiz vurğulayıb ki, Kiyev danışıqlara hazır olduğunu bildirərkən öz əsas tələblərini də qoruyur. Zelenski ABŞ nümayəndələri ilə görüşdən sonra ərazi məsələsinin hələ də aktual olduğunu, bu cür mürəkkəb məsələlərin yalnız liderlər səviyyəsində həll edilə biləcəyini vurğulayıb. Eyni zamanda təhlükəsizlik zəmanətlərini və güclü Ukrayna ordusunu gələcək təhlükəsizliyin əsas şərtlərindən biri kimi göstərib.

"Yəni, danışıqlara hazır olmaq güzəştə hazır olmaq demək deyil. Ukrayna üçün müharibənin dayandırılması ilə Rusiyanın şərtlərinin qəbul edilməsi eyni məna daşımır. Kiyev daha çox elə bir mexanizm axtarır ki, atəşkəs əldə olunduqdan sonra Rusiyanın yenidən hərbi əməliyyatlara başlamasının qarşısını alacaq təhlükəsizlik təminatları mövcud olsun. Buna görə Zelenskinin konstruktivlik mesajı kompromisin bütün şərtlərini əvvəlcədən qəbul etmək yox, mümkün kompromis üçün danışıqlar aparmağa hazır olmaq kimi başa düşülməlidir", - deyə politoloq qeyd edib.

Rəşad Bayramov: Hazırkı mərhələdə Zelenskinin mövqeyini təslimçilik deyil

Bayramovun fikrincə, Zelenskinin açıqlaması eyni zamanda Moskva üzərində müəyyən diplomatik təzyiq də yaradır:

"Əgər Ukrayna açıq şəkildə sülhə hazır olduğunu bildirirsə, bundan sonra Rusiyanın danışıqlardan yayınması və ya maksimalist tələbləri israrla davam etdirməsi Moskvanın üzərinə əlavə siyasi məsuliyyət qoya bilər. Hazırda isə Rusiya tərəfinin mövqeyi ilə Ukraynanın mövqeyi arasında ciddi fərqlər qalır və ABŞ vasitəçilərinin Kiyevdəki görüşündən sonra da konkret sıçrayış əldə edilməyib. Odur ki, mən Zelenskinin açıqlamasını geri addım olaraq yox, diplomatik manevr olaraq qəbul edərdim. Kiyev ABŞ-nin sülh təşəbbüsünü rədd etmir, öz təkliflərini masaya qoyur və bununla həm Vaşinqtona, həm də Moskvaya "Ukrayna sülhə hazırdır" mesajı verir. Lakin eyni zamanda ərazi məsələsində və təhlükəsizlik zəmanətlərində öz qırmızı xətlərini də qoruyur".

Politoloq qeyd edib ki, hazırkı mərhələdə Zelenskinin mövqeyini təslimçilik deyil, müharibəni diplomatik yolla başa çatdırmaq üçün mövqeləri qorumaqla danışıqlara keçid cəhdi kimi qiymətləndirmək daha obyektiv olar.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026