Şuşada turistlərin tarixi və təbii qaya daşlarının üzərinə ad və müxtəlif yazılar həkk etməsi ciddi narazılıq doğurub. Bununla əlaqədar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova qurumun adından ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:
"Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq".
Hüquq müdafiəçisi Xəzər Teyyublu bu barədə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, belə əməllər ilk növbədə etik qaydaların pozulmasıdır.
Ekspert diqqətə çatdırıb ki, Şuşa hər şeydən qabaq bizim tarixi qoruğumuzdur və bu şəhərdə yerləşən tarixi abidələr milli dəyərlərimizdir.
X.Teyyiblu vurğulayıb ki, Şuşanın tarixi daşları, abidələri milli sərvətimizdir. Dediyinə görə, o baxımdan, bu cür hərəkətlər həm də hüquqi məsuliyyət daşıyır:
"Hüquqi məsuliyyət ondan ibarətdir ki, Azərbaycan qanunvericiliyində, belə əməllərə görə, yəni milli-mənəvi dəyərlərə vurulan ziyana görə, İnzibati Xətalar Məcəlləsində müvafiq cərimələr də nəzərdə tutulur. Fiziki şəxslər üçün 50 manatdan 100 manatadək cərimələrin tətbiq edilməsi kimi cəza növləri var".
Xəzər Teyyublu: Bu cür hərəkətlər həm savadsızlıqdan, həm də vecsizlikdən irəli gəlir
Müsahibimiz qeyd edib ki, Şuşa kimi tarixi yurdda, düşməndən qan bahasına, şəhidlər verərək azad edilmiş şəhərimizdə bu cür əməlləri tariximizə hörmətsizliklə yanaşı, həm də vandallıq kimi dəyərləndirmək olar. Şuşa şəhəri Qarabağın gözü, incisi kimi həm də əlahiddə bir statusa malikdir, mədəni irsimizin daşıyıcısıdır:
"Ona görə də belə məsələlərə çox həssas yanaşılmalıdır. Bunu edən şəxsləri konkret müəyyənləşdirilməli və hansı məqsədlə bunu etdikləri üzə çıxmalıdır. Onlar konkret olaraq inzibati məsuliyyətə cəlb edilə bilərlər. Belə addımlar yolverilməzdir. Görünür, bu cür hərəkətlər həm savadsızlıqdan, həm də vecsizlikdən irəli gəlir. Ora turist gedirsə, məqsəd bölgəni ziyarət etmək, görmək olmalıdır. Tarixi əhəmiyyət daşıyan tikililərə niyə ziyan vurulsun?!"
Hüquq müdafiəçisi sonda vurğulayıb ki, turları təşkil edən şirkətlər, bələdçilər də bu məsələdə ziyarətçiləri məlumatlandırmalıdır.
Aydın Baxış
















