• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Oyuncaq əvəzinə uşağıyla oynayan uşaqlar...

CƏMİYYƏT

17 Fevral 2022 | 10:31 | Müəllif: Qalib İbrahimoğlu

Oyuncaq əvəzinə uşağıyla oynayan uşaqlar...

Çox təəssüflər olsun ki, 2022-ci ildə hələ də erkən nikah haqqında danışırıq. Bu sahədə kifayət qədər məlumatlandırma və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, belə hallarla yenə də rastlaşırıq.

Bir neçə gün əvvəl 15 yaşlı qızın uşaq dünyaya gətirəndən sonra dünyasını dəyişməsi erkən nikah məsələsini yenidən gündəmə gətirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilib. Üzürlü səbəb olduqda nikah yaşı bir ildən çox olmayaraq azaldıla bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Bakıvaxtı.az-a bildirib ki,  erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə, sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin erkən nikahının və qohumlar arasında nigahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verir. Mütamədi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirilir. Bu istiqamətdə görülən işlərin davaml olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyun 2022-ci il tarixli 213 nömrəli qərarı ilə gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydası təsdiq edilmişdi. Sənəd layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyatı dövlət orqanları ilə razılaşdırma ilə hazırlanıb. Təəssüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də mövcuddur. Odur ki, həm Azərbaycanda, həm də xarici ölkədə yaşayan soydaşlarımız, ictimai fəal inasanlar, QHT nümayəndələri - bir sözlə, bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər. Yəni hər birimiz bu sahəyə töhvə vermək üçün qarşılaşdığımız belə hallarla bağlı dərhal aidiyyati qurumlara məlumat verməliyik”.

Teymur Mərdanoğlu: Qızlarını erkən ərə verən valideynlər onların həyatı ilə oynayırlar

Onun sözlərinə görə, unutmaq olmaz ki, azyaşlı uşaqları erkən nikaha məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda norma kimi qəbul edilə bilməz: “Bu, birmənalı olaraq, gender əsaslı zorakılığın ən bariz nümunəsi kimi dəyərləndirilir. Dövlət Komitəsi belə hallarla üzləşən şəxslərə dərhal komitə yanında fəaliyyət göstərən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qaynar xətti olan “860”-a müraciət etmələrini tövsiyə edir”.

Müsahibimiz bildirib ki, Cinayət Məcəlləsinə əsasən qadını nikaha daxil olmağa məcbur etmək 2 min manatdan 3 min manatadək cərimə və ya iki ilədək müddətdə azadlıqdan məhrum etməklə cəzalandırılır: “Bütün bunlara baxmayaraq, yenə də bu hallarla rastlaşırıq. Sosial şəbəkələrdə də tez-tez 14-15 yaşlı qızların məktəbdən çıxarılması, ailələr arasında nişan təşkil edilməsini görürük. Ötən il tək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 10-a yaxın erkən nikahın qarşısını alıb. Hansı ki, ailələr arasında kiçik nigah mərasimi təşkil edilib və toy üçün tarix müəyyən olunub. Şükürlər olsun ki, o toyun olmamasının qarşısını almışıq və erkən nikah baş tutmayıb. Valideynlərin izahatı alınıb, onlar izahatlarında guya ki, bilmədiklərini, xəbərləri olmağını və ya sosial vəziyyətləri ilə bağlı olduğunu qeyd ediblər. İstənilən halda, valideynlərdə profilaktik söhbətlər aparılıb və bu halın yenidən təkrarlanacağı təqdirdə onların cinayət məsuliyyətinə cəlb olunacaqları və yaxud inzibati cəza ilə cəzalandırılacaqları bildirilib”.

Teymur Mərdanoğlu onu da qeyd edib ki, bu sahədə mütamadi olaraq maarifləndirmə tədbirləri aparılır: “Bu, azyaşlının gələcək həyatı üçün də təhlükəlidir. Elə bu yaxınlarda hər birimizin qarşılaşdığımız uşaq dünyaya gətirərkən dünyasını dəyişən 15 yaşlı qız onu göstərir. Valideynlər öz övladlarının həyatı ilə oynayırlar. Dövlət Komitəsi olaraq Bakıvaxtı.az saytı vasitəsilə çağırış edir və valideynlərə səslənirik ki, qız övladlarımızı ərə vermək əvəzinə onlara təhsil verək. Onların savadlılığının artılırılması istiqamətində işlər görək ki, ən azından onun gələcəyini təmin etmiş olaq”.

Təhsil eksperti Qoşqar Məhərrəmov məsələyə başqa istiqamətdən yanaşıb. Onun Bakıvaxtı.az-a dediyinə görə, Azərbaycanda icbari təhsil 9-cu sinifə qədərdir: “9-cu sinifdən sonra müəllim uşağın sırf evləndirilmək üçün məktəbdən çıxarıldığını görürsə, maarifləndirmə işi apara, şagirdlə söhbət edə, valideynlə danışa bilər ki, etdikləri şey düzgün deyil. Əgər müəllimin birbaşa şagirdlə əlaqəsi var və şagird onu evləndirdiklərini deyirsə, müəllim polisə şikayət edə bilər. Amma valideyn şagirdi məktəbdən çıxardığı üçün məktəb rəhbərliyi, ya da müəlliç hər hansı bir yerə şikayət edə bilməz. Sadəcə şagirdin 10-11-ci sinifləri də oxuması üçün maarifləndirmə işləri apara bilər”.

Qoşqar Məhərrəmov: Hüquq-mühafizə orqanları, valideynlər gözlərini dörd açmalıdlar uşaq evlilikləri olmasın

Ekspert vurğulayıb ki, yalnız şagird özü evləndirildiyini etiraf etdikdən sonra faktlaşdırılıb şikayət edilə bilər: “Polis də bu işin üstünə düşüb qarşısını almalıdır. Çünki 14-15 yaşlı insanın ailə qurmağı qəbul olunmur. Bu, uşaq evliliyi sayılır və uşaq haqlarına, bizim qanunvericiliyimizə ziddir. Ümumiyyətlə, 18 yaşdan aşağı bir insanla cinsi əlaqədə olmaq da qanunvericiliyə ziddir. Ona görə də, əgər bir uşaq qeyri-qanuni şəkildə imam, molla nikahı ilə ərə verilirsə, deməli, həmin ər də, buna göz yuman bütün qohumlar da cinayət işləyir. Bu səbəbdən, hüquq-mühafizə orqanları, valideynlər gözlərini dörd açmalıdlar ki, artıq uşaq evlilikləri, uşaq ölümləri olmasın”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026