• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Orucluqdan sonra necə qidalanaq?

CƏMİYYƏT

10 Aprel 2024 | 09:15

Orucluqdan sonra necə qidalanaq?

 11 ayın sultanı başa çatdı. Bu gün Ramazan bayramıdır.

1 ay oruc tutmağa öyrəşdikdən sonra, insanlar bayram günlərində nəyə diqqət etməlidir ki, orqanizmdə fəsadlar yaranmasın?

Günay Lətifova: Bundan sonra da insanlar aram-aram yeməyə üstünlük versinlər

Bu barədə Bakıvaxtı.az-a danışan terapevt Günay Lətifova bildirib ki, oruc tutmağın insan orqanizminə hədsiz faydaları var və dini adla oruc adlandırılsa da, elmi tədqiqatlar nəticəsində bu proses fasiləli qida qəbulu adlandırılıb:

“Belə deyək, 6 saat fasiləli qida qəbul etmək, 18 saatlıq ac qalmaq və s. kimi məsələlər şəkərin keton əsaslı enerjiyə çevrilməsi və orqanizmin toksik, lazımsız piylərdən azad olmasına, onların parçalanmasına gətirib çıxardır”.

Terapevt fasiləli ac qalma prosesinin şəkərin normaya düşməsi kimi bir çox problemləri aradan qaldırdığını, xəstəliklərin yaranmasının qarşısınıaldığını, bədənin daha dayanıqlı olduğunu, metobalizmin sürətləndiyini diqqətə çatdırıb.

G.Lətifova insanlara bədənin 1 aylıq dincəlməsindən sonra birbaşa olaraq əvvəlki həyatlarına qayıtmamaqlarını məsləhət görür:

“Birbaşa olaraq qida qəbulunun sürətlənməməsi, normal həyatlarında qəbul etdikləri gündə 5 dəfəlik qida rejiminə keçməmələri, daha aram-aram yemələri, şəkər qəbulunu minimalda qəbul etmələri lazımdır. Çünki birdən-birə insulinin qanda yüksəlməsi orqanizmə və damarların divarlarına təbii ki, əks təsir göstərə bilər”.

Onun sözlərinə görə, orucluqdan sonra insanların sürətli şəkildə kilo almalarının səbəbi artıq dərəcədə şəkər və karbohidrat qəbuludur və bu, həm orqanizmi yükləyir, həm də xarici görünüşə yansıyır:

“Həm dini, həm də orqanizmimizə xeyiri cəhətindən gözəl bir ayı geridə buraxmışıq. Bundan sonra da insanlar həyatlarını tam o dərəcədə olmasa belə aram-aram yemək yeməyə üstünlük versinlər və bədəndəki toksinləri özü ata bilsin deyə orqanizmə bu fürsətləri tanısınlar”.

Ceyhunə Yusifova: Mədə vərdişlərini tədricən bərpa etmək lazımdır

Dietoloq Ceyhunə Yusifova Bakıvaxtı.az-a bildirib ki, oruc tutanın mədəsi bu rejimə alışır və oruc tutandan sonra bəzi məqamlara diqqət yetirməliyik:

“Mədə vərdişlərini tədricən bərpa etmək vacibdir. Bir ay ərzində mədə kiçilə və buna öyrəşə bilər, buna görə də həddindən artıq yeməkdən qaçınmalı və tədricən yeməyə qayıdılmalıdır”.

Dietoloq orucluq dönəmində maye qəbulunun azaldığı üçün, mayenin qəbulunə diqqət edilməsi lazım gəldiyini, insanlara müntəzəm olaraq su içməyi məsləhət görür.

Onun sözlərinə görə, qida müxtəlifliyinə də diqqət yetirmək lazımdır. Ramazan ayı zamanı pəhrizin qeyri-adekvat ola bildiyini, ona görə də sağlam və balanslı qidalanma planına əməl edilməsini diqqətə çatdırıb:

“Tərkibində zülal, lif, vitamin və minerallar olan müxtəlif qidalardan istifadə etməyə diqqət edin. Həzm sisteminizi dəstəkləmək üçün lifli qidalar, probiyotiklər və asan həzm olunan qidaları seçməlisiniz. Bunlar həzm prosesinizi sürətləndirəcək və bədəninizin düzgün işləməsinə kömək edəcək”.

Müsahibimiz bu ayda yuxu rejiminin dəyişə biləcəyini və yuxu çatışmazlığının yaranma ehtimalını da qeyd edib. Bildirib ki, yaxşı bir yuxu rejimi bədəninizin bərpasına və dincəlməsinə kömək edir.

C.Yusifova, eyni zamanda insanları mütəmadi olaraq idmanla məşğul olmağa və oruc tutduqdan sonra aktivliyə çağırıb.

“Ramazan ayının bitməsi ilə bədənimiz və ruhumuz normal vəziyyətə düşməyə başlayır. Ramazan ayının gətirdiyi mənəvi rahatlıq və saflaşma hissini həmişə xatırlayaq və bu dəyərləri həyatımızın hər anında qoruyaq”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR