O gün sosial şəbəkələrdən birində qarşıma maraqlı bir infoqrafika çıxdı. Onu iziylə gedib ABŞ-a aid Pyu Araşdırmalar Mərkəzinin 2018-ci ildə dərc elədiyi tədqiqata rast gəldim. Mərkəz 2015-2017-ci illərdə Qərbi, Mərkəzi və Şərqi Avropa ökələrində - 34 ölkədə 18 yaşdan yuxarı 56 min respondent arasında silsilə sorğular keçirib və onların dini, milli və mədəni kimliklə bağlı məsələlərə münasibətini öyrənib. Mən görən infoqrafika sonuncu mövzuyla bağlı sorğunun nəticələrinə həsr olunmuşdu. Aradan 3-4 il vaxt keçməsinə baxmayaraq, gətirilən rəqəmlərdə ciddi dəyişikliyin baş verdiyinə inanmıram. Odur ki...
Pyu Araşdırmalar Mərkəzi bizim qərb və şimal qonşularımızı tədqiqata cəlb eləsə də, bizi narahat etməyib. Görünür, azərbaycanlıları avropalı saymadığından. Bizdən başqa, türkiyəli qardaşlarımız da sözügedən sorğudan kənarda qalıblar. Hərçənd onlar bizə baxmış – coğrafi baxımdan olmasa da, siyasi baxımdan – avropalıdırlar. Nəsə...
Müxtəlif ökələrdən toplanmış sorğu nəticələrini tutuşdurarkən məlum olub ki, mədəniyyət şovinizmi – mədəni millətçilik daha çox Şərqi Avropa xalqlarına xasdır. İştirakçılara “Bizim insanlar ideal deyillər, amma bizim mədəniyyətimiz digərlərininkindən üstündür” fikrini bölüşüb-bölüşmədikləri soruşulanda yunanların 89%-i təsdiq cavabı verib. Bu, ən yüksək göstəricidir.
Sonrakı yerlərdə bilirsinizmi kim qərar tutub? – Bizim qafqazlı qonşularımız! Gürcülərin 85%-i hesab edir ki, onların mədəniyyəti bütün başqa mədəniyyətlərdən üstündür. Ermənilərdə bu faiz bircə rəqəm azdır – 84%. Şimal qonşularımız bu üçündən bir xeyli təvazökardır – rusların 69%-i öz mədəniyyətlərini digər hamısından üstün bilir.
Rəyi soruşulan vətəndaşlarının ən azı 2/3-si mədəniyyət şovinisti olan qalan 4 ölkə Bolqarıstan (69%), Bosniya (68%), Rumıniya (66%) və Serbiyadır (65%). Qafqazlılarla balkanlıların bir oxşarlığı da bunda imiş!
Daha bir maraqlı nəticə bu tövr millətçiliyin var-dövlətə baxmamasıdır: Təsəvvür edin ki, kasıb moldavanların tən yarısı – eynilə zəngin isveçrəlilər kimi! – öz mədəniyyətlərini ən üstün mədəniyyət sayır.
47% italyan, 46% ingilis, 44% alman, 36% fransız – Avropanın sütunu olan xalqların yalnız bu nisbətdə nümayəndəsi düşünür ki, onların mədəniyyətlərindən yaxşısı yoxdur. Həqiqətən də, bar verən ağac başını aşağı salar!
Avropada mədəniyyət millətçiliyinə ən az yoluxan xalqlar estonlar və... ispanlardır. Estonlar heç, onların 23%-ini haradasa anlamaq və hətta alqışlamaq olar, amma ispanların niyə cəmi-cümlətanı 20%-inin (!) ispan mədəniyyətini başqa xalqların mədəniyyətindən artıq bilməsini izah etmək çətindir. Görünür, Servantes, Don Kixot və Sanço Panço olmaq üçün Qafqazda, Balkanda yox, Pireneydə doğulmaq lazım imiş!
Beləliklə, bəxtimizə Avropanın ən millətçi 4 xalqından üçü ilə qonşu olmaq düşüb. Ola bilər ki, bu yer etiraz doğura: Mədəniyyət millətçiliyi siyasi millətçilik, təcavüzkar millətçilik demək deyil ha!? – Demək deyil. Amma bütün məşhur siyasi və təcavüzkar millətçiliklər öz mədəniyyətini başqa mədəniyyətlərin fövqündə görməkdən, nəticə olaraq özünü qonşundan artıq bilməkdən başlayıb!
Biz ki bunu az qala iki əsrdir görürük!
Sözügedən sosioloji araşdırmada səslənməyən faizlər – öz mədəniyyətini digərininkindən üstün tutmayanların çoxu, bəlkə də, öz xalqlarının həqiqətdə ən mədəni insanlarıdır və bu dünyada mədəniyyətin bədəviyyətə, insanlığın vəhşiliyə uduzmadığı bütün hallar məhz onların xidmətidir.
Mədəniyyət millətçiliyi ifadəsi isə olsa-olsa oksimorondur – yəni, iki bir-birinə zidd anlayışın bir yerdə işlənməsi.
Seymur Şahbaz-zadə
Bakıvaxtı.az
















