Sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının əməkdaşları ailədə olublar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
Verilən məlumata görə, fakt araşdırılıb. Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub. Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq.
Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib, onlarla da söhbət aparılacaq: "Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa, hər iki ailə məsuliyyətə cəlb ediləcək”.
Hazırda məsələ Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nəzarətindədir.
***
14:58
Masallıda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinin, Masallı Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Bakıvaxtı.az report-a istinadən məlumatına görə, aparılan araşdırmaların nəticəsində məlum olub ki, Elçin Məmmədzadənin (ad şərtidir) valideynləri rayonun Təzə Alvadı kənd sakini, 2007-ci il təvəllüdlü Aysel ƏIizadənin (ad şərtidir) evinə elçi gediblər.
Valideynləri azyaşlı qızının elçi düşən oğlanla nişanlanmasına icazə veriblər.
Bundan sonra hər iki tərəfin valideynləri ilə profilaktik söhbətlər aparılıb və qızın 18 yaşı tamam olmayınca toy mərasiminin keçirlməməsi ilə bağlı izahatları alınıb.
***
13:02
Ötən gün sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı məlumatlar yayılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisənin rayonun Alvadı kəndində baş verdiyi iddia olunur. Məktəbli qızın özündən böyük kişi ilə evləndirilməsinə dair iddialar sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələ ilə bağlı artıq araşdırmalara başlanıldığını bildirib (oxu.az). Onun sözlərinə görə araşdırmanın nəticəsindən asılı olaraq ictimaiyyətə məlumat veriləcək".

















