• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kriminal hadisələrlə bağlı psixoloqdan valideynlərə ÇAĞIRIŞ

CƏMİYYƏT

17 Mart 2022 | 16:57 | Müəllif: Qalib İbrahimoğlu

Kriminal hadisələrlə bağlı psixoloqdan valideynlərə ÇAĞIRIŞ

Son zamanlar müşahidə olunan xoşagəlməz hallardan biri yeniyetmə və gənclərin əksəriyyətinin üstündə bıçaq və bunabənzər kəsici, deşici alətlər gəzdirməsidir. Acınacaqlısı isə odur ki, ən xırda məqamda belə bu alətləri istifadə etməkdən çəkinmirlər.

Psixoloq, psixoterapevt Elmir Əkbər Bakıvaxtı.az-a bildirib ki, indiyə qədər bir çox Avropa ölkələrində və Amerikanın bəzi ştatlarında olub,  amma Azərbaycan qədər firavan, cinayətkarlıqdan uzaq ikinci bir ölkə görməyib: “Bu, bizim üçün sevindirici bir haldır. Ancaq çox heyf ki, son vaxtlar pis tendensiya baş verir. Mən istəyirəm, valideynlər ayılsın. Baxıb görsünlər ki, onların övladları uşaq, yeniyetmə yaşlarında hansı videolara baxır, sosial şəbəkələrdə hansı şəkillər paylaşırlar, onların dəyər sistemi nədir?! Əksəriyyəti oxumaq, işləmək, vətəndaş olmaq istəmir. Onlar hansısa oğruları özləri üçün ideala çeviriblər. Təhsil almaq, işləmək əvəzinə oğurluq etməyi üstün tuturlar. Yəni bu, birbaşa valideynlərin günahıdır”.

Psixoloqun sözlərinə görə, başqa bir səbəb də sosial şəbəkələrin idarə olunmayan bir sistem olmasıdır: “Nəticə etibarilə kim nə istəsə paylaşır. Mənə hərdən sosial şəbəkədə ən çox izlənilən videolar, səhifələr və şəkilləri göstərirlər. Hamısı cinayətkarlığın təbliği ilə məşğul olan çağırışlardır. Yəni, bıçaq, silah gəzdirməklə özlərini super hiss edirlər. Oxumaq, təhsil almaq yox, belə şeylər təbliğ olunur. Bunun da yeganə məsuliyyəti birinci növbədə valideynlərin çiynindədir. Valideynlər övladları ilə məşğul olmalı, onların psixi durumlarının qeydinə qalmalıdırlar. İndiki zəmanənin müsbət tərəfi olduğu kimi qəliz tərəfi də var. Övladları əvvəlki qaydalarla kontrol etmək mümkün deyil. Valideynlər əvvəl belə idi, elə idi sözünü unutmalıdırlar. Əvvəl bitdi, getdi, yeni qaydalara uyğunlaşmaq lazımdır”.

E.Əkbər vurğulayıb ki, yeniyetmələrin böyük əksəriyyətində hədsiz psixoloji problemlər var: “Bu isə valideynləri düşündürmür, narahat etmir. Elə günahkar axtarır, məktəbi, müəllimi günahlandırır. Ümumiyyətlə, Azərbaycanda məktəb savad verir, ancaq ora gələn uşaqlar tərbiyəni valideynlərindən götürürlər. Məktəbə gələn uşaq artıq formalaşmış bir şəxsiyyət kimidir. Çünki onun artıq yeddi yaşı var. Ona görə də, valideynlər gərək ayılsınlar. Ay valideynlər, övladlarınızın psixi durumu ilə maraqlanmırsınız. Sabah onlar sizi gəzdirdikləri bıçaqlarla öldürəcək, tapançalarla güllələyəcəklər. İnanın mənə, o qədər valideynlər var ki, hansı ki, narahat, nigarandırlar, uşaqlarının tərbiyəsi ilə məşğul olurlar, hətta özgələrinin uşaqlarına da biganə qalmırlar. Mən hər zaman elə valideynlərin əllərini sıxıb təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, qarşısının alınması üçün iki addım atılmalıdır. Birincisi, valideynlər uşaqları ilə məşğul olmalı, təlimlərdə iştirak etməlidirlər. İkinci növbədə isə ölkəmizdə psixoloji maariflənmə ilə bağlı böyük layihələr keçirilməlidir ki, uşaqları, yeniyetmələri doğru yönləndirə bilək”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026