Rusiyanın Elbrus dağında güclü fırtınaya düşən beş bosniyalı alpinistin həyatını itirdiyi bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın alpinizm xilasetmə xidməti məlumat yayıb.
Bildirib ki, yeddi nəfərlik qrup Elbrusda əlverişsiz hava şəraitinə yaxalanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qrupun iki üzvü dağdan təxliyə edilərək tibbi yardım üçün xəstəxanaya aparılıb.
Xilasedicilər təxminən 5350 metr yüksəklikdə iki alpinistin cəsədini aşkar ediblər. Cəsədlərin hava şəraiti imkan verdikdə dağdan endiriləcəyi bildirilib. Daha üç alpinistin axtarışı isə davam edir.
Rusiya mediasının məlumatına görə, bölgədə güclü küləklə müşayiət olunan əlverişsiz hava şəraiti axtarış və xilasetmə işlərini əhəmiyyətli dərəcədə çətinləşdirir.
5642 metr hündürlüyə çatan Elbrus Rusiya ilə Gürcüstan sərhədinin şimalında yerləşir və Avropanın ən yüksək zirvəsi hesab olunur. Dağ hava şəraitinin və dırmanma şərtlərinin qəfil dəyişməsi ilə tanınır.
Bosniya mediasının yazdığına görə, ekspedisiyanın yeddi üzvü ölkənin mərkəzində yerləşən Zenitsa şəhərinin sakinləri olub. Qrupun tərkibində evli cütlük və yerli xəstəxanada çalışan həkim də olub.
Xilasedicilər itkin düşən alpinistlərin axtarışını hava şəraiti yaxşılaşdıqca davam etdirəcəklər.
Bakı 



