q
  • Bakı 13° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Çernobıl AES-də baş verən qəzadan 40 il ötür

DÜNYA

26 Aprel 2026 | 00:52

Çernobıl AES-də baş verən qəzadan 40 il ötür

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobıl AES-də baş verən qəzadan 40 il ötür
Bu gün Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən qəzadan 40 il ötür.

Bakıvaxtı.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə əsrin ən böyük texnogen fəlakəti olub.

Çernobıl qəzası atom elektrik stansiyasında təhlükəsizlik testinin aparılması zamanı baş verib. Reaktorun gücünü yoxlamaq məqsədilə həyata keçirilən sınaq zamanı ciddi texniki səhvlərə yol verilib və təhlükəsizlik sistemləri qəsdən söndürülüb. Nəticədə reaktor nəzarətdən çıxaraq partlayış olub.

AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədər olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb.

Hadisənin təsirindən, yaratdığı xəstəliklərdən indiyə qədər ölənlərin dəqiq sayı bilinməsə də, ehtimal olunur ki, bu 50-100 min nəfər ola bilər.

Bununla yanaşı Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan 115 mindən çox insan köçürülüb. Ümumilikdə, 586 min nəfər radioaktiv çirklənmənin fəsadları ilə üzləşib. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır.

Çernobıl qəzasının fəsadlarının aradan qaldırılmasında SSRİ-də yaşayan digər xalqların nümayəndələri kimi azərbaycanlılar da aktiv iştirak ediblər. İşlərə ümumilikdə 7 000 azərbaycanlı cəlb edilib, onlardan 2 000 nəfəri bu illər ərzində müxtəlif xəstəliklərdən ölüb. Çernobıl hadisəsindən sonra təxminən 2 000 nəfərdən çox azərbaycanlı uşaq xəstəliklərlə dünyaya gəlib. Bir çoxu isə doğularkən tələf olub.

Çernobıl AES 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb.

Xatırladaq ki, BMT aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Gününü elan edəndən sonra 2003-cü ilin dekabrında qurumun Baş Assambleyası qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb.


SON XƏBƏRLƏR

25 Aprel 2026