İran öz ərazisindəki yüksək zənginləşdirilmiş uranı Çinə daşınması şərti ilə ölkədən çıxarmağa hazır olduğunu bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Mənbənin kanala bildirdiyinə görə, rəsmi Tehran nüvə materialının ölkədən çıxarılması müqabilində ABŞ ilə yekun razılaşma əldə olunana qədər Pekindən təhlükəsizlik və siyasi zəmanət almağa çalışır. Çinin bu prosesdə vasitəçi və qarant ölkə kimi çıxış etməsi müzakirə mövzusudur.
Xatırladaq ki, cari ilin fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı birgə hərbi əməliyyata başlayaraq ölkənin bir sıra strateji şəhərlərinə və nüvə obyektlərinə güclü hava zərbələri endirmişdi. Elə həmin gün bombardmanlar nəticəsində İranın Ali rəhbəri Ayətullah Əli Xamenei öldürülmüşdü. Tehran isə buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi regionunda yerləşən ABŞ hərbi bazalarına raket və PUA-larla kütləvi hücumlar təşkil etmişdi.
Məlumat üçün qeyd edək ki, gərgin döyüşlərdən sonra İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə rəsmi atəşkəs razılaşmasına nail ola bilmişdilər. ABŞ Prezidenti Donald Tramp sonradan bu atəşkəsin müddətini qeyri-müəyyən vaxta qədər uzatdığını bəyan etdi. Münaqişənin tamamilə həlli və yeni nüvə sazişinin imzalanması üçün tərəflər Pakistanda danışıqlar masasına əyləşsələr də, aprelin 11-12-də keçirilən ilk raund heç bir praktiki nəticə verməmişdi.
Bakı 




