Yaponiya 2006-cı ildə hidrogen qatarını işə salan ilk ölkə olub və 2018-ci ildə Fransanın “Alstom” korporasiyası Almaniyada hidrogenlə işləyən kommersiya sərnişin dəmir yolu innovasiyasını sınaqdan keçirib.
Bakıvaxtı.az xəbər verir ki, İspaniyada “Talgo” vaqonqayırma şirkəti və ölkənin ən böyük neft-qaz şirkəti olan “Repsol” şəhərətrafı və orta məsafələr üçün nəzərdə tutulmuş hidrogen qatarı olan “Vittal One” modelini təqdim edib.
“Vittal One” bərpaolunan hidrogeni çənlərdə onu elektrik və suya çevirən yanacaq hüceyrələrinə nəql etmək iqtidarındadır (azərtac). Bu qatar yolda buxar və su izi buraxdığı üçün ətraf mühiti çirkləndirmədən lazımi elektrik enerjisini istehsal edə bilir.
Hidrogen bərpaolunan enerji mənbəyidir, külək və ya günəş enerjisindən CO₂ emissiyaları olmadan istehsal olunur və karbon izlərini azaldır.
Hidrogen qatarının əsas missiyası ondan ibarətdir ki, o, Avropada elektrikləşdirilməyən yolların 40 faizində, yəni karbon qazı olmadan təxminən 80 min kilometr məsafə qət edə bilsin.
Məqsəd İspaniyada nəqliyyatın hərəkətliliyini yaxşılaşdırmaq və elektrikləşdirilməmiş dəmir yolu xətlərindən yararlanmaqdır.
Səkkiz il ərzində İspaniya hidrogenlə işləyən iki kommersiya dəmir yolu xəttini işə salmaq niyyətindədir.
















