“Qadın müəlliflərin kino sahəsində daha fəal iştirakı üçün yeni imkanlar yaratmağa çalışırıq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Əli İsa Cabbarov Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında hesabat təqdim edərkən deyib.
Əli İsa Cabbarov bildirib ki, son illər Azərbaycan kinosunda kişi obrazlarının üstünlük təşkil etməsi fonunda qadın müəllif və ssenaristlərin təşviqi xüsusi diqqətdə saxlanılır.
Onun sözlərinə görə, bu məqsədlə “Mən qadınam” adlı ssenari müsabiqəsi artıq ikinci dəfə keçirilir. Cabbarov qeyd edib ki, müsabiqənin əsas məqsədi qadın müəlliflərin kino sahəsində yaradıcılıq imkanlarını genişləndirmək və onların yeni ekran əsərlərinin ortaya çıxmasına dəstək verməkdir:
“Baş rolların əksəriyyəti kişilərdir. Son 10 ildir vəziyyət belədir”.
O əlavə edib ki, qadın kinematoqrafçıların yaradıcılıq fəaliyyətinin genişlənməsi milli kino üçün yeni mövzuların və yeni baxışların formalaşmasına da töhfə verir.
Zeynəb Rzayeva
Bakı 




