“Semaşko” adlanan Kliniki Tibbi Mərkəzdə elektrik enerjisi kəsilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat sosial şəbədə paylaşılıb.
Məlumata görə, tibb müəssisəsində 1 saatdan artıq işıqlar sönüb. Xəstəxanada istilik sisteminin olmaması narahatlığı daha da artırıb.
Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzinin mətbuat katibi Elnur Hidayətoğlu açıqlama verib.
“Bu gün saat 11:30 radələrində Kliniki Tibbi Mərkəzi elektrik enerjisi ilə təmin edən yüksək gərginlikli hava xəttində açılma baş verib və elektrik enerjisi təxminən 10 dəqiqə sonra, saat 11:40-da tam bərpa olunub”, - deyə mətbuat katibi bildirib.
Onun sözlərinə görə, mərkəzin bütün şöbələrində və ya korpuslarında ümumiyyətlə elektrik enerjisinin olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır: “Bildiririk ki, Kliniki Tibbi Mərkəzin ümumilikdə 5 ədəd elektrik generatoru var və həmin zaman onlardan yalnız biri işə düşməyib. Bu da Mərkəzin Poliklinika şöbəsinin işinə təsir edib. Ağır xəstələrin olduğu digər şöbə və bölmələrdə elektrik enerjisinin verilişində problem yaşanmayıb. Bir daha bildiririk ki, elektrik enerjisinin verilişində baş verən qısa fasiləli problem Kliniki Tibbi Mərkəzin fəaliyyətinə, Mərkəzdə olan ağır xəstələrin vəziyyətinə heç bir təsir etməyib”.
Ramid İbrahimov
















