Türkiyədə zooparkda şir bir ailəyə hücum edib.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə Antalyanın Manavqat rayonunda baş verib. Belə ki, heyvanlarla selfi çəkdirmək üçün qəfəsə girən ailəyə şir hücum edib. Aslanın pəncəsi ilə vurduğu 4 yaşlı A.A-nın parçalanmış baş dərisi əməliyyatla yerində tikilib.
İddialara görə, A.A.-nın həmin vaxt qəfəsin yanında olan dayısı saxladığı aslanların aqressiv olmadığını, selfi çəkə biləcəklərini deyib. Daha sonra ailə şirlə selfi çəkmək üçün qəfəsə girib. Bu zaman isə yatdığı yerdən sürətlə ayağa qalxan şir A.A-ya hücum edib.
A.A-nın başına pəncəsi ilə vuran şir baxıcının və ətrafdakıların müdaxiləsi ilə çıxarılıb. Uşaq təcili yardımla Akdeniz Universiteti Xəstəxanasına aparılıb. İlk müayinədən sonra başında heç bir sınıq, beynində heç bir zədə olmadığı müəyyən edilib.
Akdeniz Universitetinin rektoru Prof. Dr. Özlenen Özkan komandası ilə girdiyi əməliyyatda qoparılan saç dərisini tikişlə yerinə qaytarıb. 10 gün xəstəxanada müşahidə altında saxlanılan uşağın psixoloji sarsıntı keçirdiyi müəyyən edilib. Psixoloqla müalicəsi başa çatdıqdan sonra evə buraxılan A.A.-nın bir müddət psixoloji olaraq izlənəcəyi öyrənilib.
Təəccübünü ifadə edən prof. Dr. Özkan “Axı biz Afrika ölkəsi deyilik. Aslan uşağa necə hücum edə bilərdi? Baş dərisini qoparıb. Biz müdaxilə edib düzəliş etdik, amma psixoloji travma var. Həmin hissə mütəxəssislərimiz tərəfindən diqqətlə izlənilir. Hazırda vəziyyəti çox yaxşıdır”, - deyib.
Ailə zooparkdan şikayətçi olmayıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Ay Tac













