q
  • Bakı 19° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

ABŞ İrəvanda “TRİPP kartı”nı açdı: Zəngəzurdan sonra yeni mərhələ

SİYASƏT

14 May 2026 | 17:30

ABŞ İrəvanda “TRİPP kartı”nı açdı: Zəngəzurdan sonra yeni mərhələ

“ABŞ-İran müharibəsi fonunda TRİPP layihəsinin sanki arxa plana keçməsi haqqında bədbin iddialar ortaya atılıb”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, TRİPP layihəsinin reallaşması prosesində “pauza” götürüləcəyi zənn edilirdi:

“Amma ABŞ-nin Dövlət Departamenti, eyni zamanda İnkişaf üzrə Maliyyə Korporasiyasının (DFC) nümayəndələrinin İrəvana gəlişləri, baş nazir Nikol Paşinyanla görüşləri və layihəni müzakirə etmələri göstərir ki, Vaşinqtonun TRİPP-in həyata keçirilməsini təxirə salmaq niyyəti yoxdur. ABŞ bu istiqamətdə ilkin hazırlıq işlərinə artıq 140 milyon dollar ayırıb. Müəyyən texniki əsaslandırma işləri də görülüb. Təxminən 42-43 km.lik yolun çəkilməsi ilə bağlı ABŞ və Ermənistan arasında təşkilatlanma da olub. Hətta ortada konkret pay bölgüsü də var, 74 faiz ABŞ-yə, 26 faiz isə Ermənistana aiddir. O da bəllidir ki, bu, Ermənistanın yurisdiksiyasında olan layihədir və burada hərbi komponent yoxdur”.

Elman Nəsirov: Bu, Ermənistanın yurisdiksiyasında olan layihədir və burada hərbi komponent yoxdur

Parlament üzvü bəyan edib ki, Azərbaycan dövləti Zəngəzur dəhlizi ilə bağlı üzərinə düşən bütün öhdəlikləri icra edir:

“Ağbəndə qədər dəmir yolu və avtomobil yolunun çəkilişi reallaşır. ABŞ rəsmilərinin İrəvana səfəri bəzi nəticələr çıxarmağa imkan verir. Məlumdur ki, Ağ Evin başı Yaxın Şərqdəki problemlərə qarışıb. Ancaq buna baxmayaraq, Vaşinqton TRİPP layihəsində nə qədər maraqlı olduğunu da ortaya qoyur”.

Ermənistanda iyunun 7-də parlament seçkisinin keçiriləcəyini deyən deputat hesab edir ki, bu səfər həm də Vaşinqtonun seçkilərdə İrəvana dəstək verməsidir: “Məlumdur ki, TRİPP layihəsinin əleyhdarları revanşistlər və Robert Köçəryan, Samvel Karapetyan və s. qüvvələrdir”.

Qeyd edək ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan TRIPP layihəsinin icrası ilə bağlı işlərin gedişatını müzakirə etmək üçün İrəvana gələn ABŞ nümayəndə heyətini qəbul edib. Məlumata görə, ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamenti və İnkişaf üzrə Maliyyə Korporasiyasının (DFC) nümayəndələri daxildir. Görüş zamanı M.Qriqoryan 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin əhəmiyyətini vurğulayıb və sammitin əsas nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib. Tərəflər TRIPP layihəsinin reallaşdırılması ilə bağlı bir sıra əməliyyat və hüquqi məsələləri müzakirə edərək razılaşdırıblar. Bundan əlavə, Mqer Qriqoryan regionda bütün nəqliyyat və kommunikasiya xətlərinin açılmasının zəruriliyini, bu prosesin iqtisadi potensialını və perspektivlərini diqqətə çatdırıb.

Aydın Baxış


SON XƏBƏRLƏR