Macarıstanın “Index.hu” nəşri Avropanın qaz infrastrukturuna qarşı törədilmiş son insidentlər və diversiya halları ilə bağlı araşdırmalar fonunda yaranan yeni riskləri nəzərdən keçirib.
Bakıvaxtı.az xəbər verir ki, məqalədə diqqət yenidən “Türk axını” qaz kəmərinə yönəlib. Ukrayna tranzitinin dayandırılmasından sonra bu kəmər faktiki olaraq Macarıstan da daxil olmaqla bir sıra Avropa ölkələrinə Rusiya qazının tədarükü üçün yeganə marşrut olaraq qalıb. Nəşrin məlumatına görə, kəmərin Serbiya–Macarıstan hissəsinə yaxın ərazisində partlayıcı qurğu aşkar edilib ki, bu da mümkün sabotajla bağlı narahatlıqları artırıb.
“Index.hu” vurğulayır ki, “Türk axını”nın region üçün əhəmiyyəti son dərəcə böyükdür. Belə ki, bu, Macarıstanın qaz tədarükünün 70–80 faizini, Serbiyanın istehlakının əhəmiyyətli hissəsini təmin edir. Bununla əlaqədar infrastruktur üçün hər hansı təhdid enerji təhlükəsizliyi baxımından risk amili kimi qiymətləndirilir.
İcmalda həmçinin “Şimal axını” qaz kəmərlərinin partladılması işinə də diqqət ayrılıb. Nəşr xatırladır ki, Almaniya məhkəməsinin nəticələrinə əsasən, diversiyada xarici sifariş çərçivəsində hərəkət edən Ukrayna tərəfinin iştirakı mümkün hesab olunur.
Beləliklə, nəşr belə qənaətə gəlir ki, qaz infrastrukturuna qarşı hücumlar və ya təhdidlər daha geniş geosiyasi qarşıdurmanın tərkib hissəsinə çevrilir və bu şəraitdə enerji təzyiq aləti kimi istifadə olunur. Bu fonda qaz tədarükünün əsas marşrutlarının qorunması Avropa ölkələri üçün strateji əhəmiyyət kəsb edir.
Bakı 




