Son illər dietik qidalara maraq sürətlə artmaqdadır. Xüsusən də sağlam həyat tərzinə üstünlük verənlərin dietik qidalara tələbatı artıb.
Dietik qidalar, yalnız stevia ilə hazırlanan şirniyyatlar doğrudan da sağlam qidalanma üçün effektivdirmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışam dietoloq Şəbnəm Nəzərova bildirib ki, insanlar tez tez dietik şöbələrdən əldə etdikləri qidaların daha sağlam olduğunu düşünürlər. Buna psixologiyada "sağlamlıq halosu" effekti (health halo effect) deyilir və bu, marketinqin ən güclü silahlarından biridir:
"Dietik məhsul seçərkən etiketə deyil, tərkib siyahısına inanmaq lazımdır. Belə ki, kaloriya və porsiya ölçüsünə, inqridiyentlərin tərkibinə, şəkərin gizli adlarına və doymuş yağ-natrium miqdarına diqqət yetirmək lazımdır. Marketlərdə gördüyümüz "sıfır şəkər" yazılı məhsulların çoxunda əslində şəkər çıxarılıb, yerinə süni dadlandırıcılar qoyulub. Bunlar aspartam, sukraloza və ya təbii şəkər adlandırılan "apple juice concentrate" ola bilir. Süni dadlandırıcıların şirinliyi yüksək olduğu üçün insanın şirin dada olan alışqanlığını artıra bilir. Daim çox şirin dadlı qidalara alışan insan zamanla adi, təbii şirinlikdə olan qidaları, məsələn, meyvələri kifayət qədər dadlı və şirin hiss etmir. Bu da şirinliyə olan tələbatı getdikcə artıran bir vərdişə çevrilir".

Şəbnəm Nəzərova: Süni dadlandırıcılar insanın şirin dada olan alışqanlığını artıra bilir
Ş.Nəzərova qeyd edib ki, sağlam qidalanmada şəkərin yeri doza və istifadə sıxlığına bağlı olaraq dəyişə bilir. Dadlandırıcılar arasında isə steviya müəyyən qədər daha yaxşı seçim ola bilir. Bitki mənşəli olması onun ən böyük üstünlüyüdür. Steviol qlikozidləri adlanan təbii birləşmələr insan bədənində parçalanmır və qan şəkərinə demək olar ki, təsir etmir. Elə buna görə də dünya səhiyyə təşkilatları onu təhlükəsiz hesab edir.
"Lavin steviya sözü hər şeyi izah etmir. Marketdə gördüyünüz "steviya" yazılı məhsul həmişə xalis steviya deyil. Çox vaxt steviya ekstraktı digər dolduruculuqla, məsələn, maltodekstrin, eritritol və ya hətta az miqdarda şəkərlə qarışdırılır ki, dad daha "təbii" alınsın və istehsal ucuz olsun. Bəzi ucuz məhsullarda isə steviya adı altında əslində əsas komponent başqa süni dadlandırıcı ola bilər”.
“Bu kimi dadlandırıcıları alarkən tərkibində əlavələrin olmamasına saf və təbii tərkibli olmasına diqqət yetirməktə fayda var", - deyə Şəbnəm Nəzərova əlavə edib.
Gülşən Şərif
















