“Qarşıdakı mərhələdə əsas hədəf ombudsmanın tövsiyələrinin icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi və insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu yenidən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilən Səbinə Əliyeva Milli Məclisin plenar iclasında andiçmə mərasimindən sonra çıxışı zamanı deyib.
O, namizədliyinin yenidən irəli sürülməsinə və seçilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, Milli Məclisin sədri və deputatlara göstərdikləri etimada və Ombudsman institutunun fəaliyyətinə verdikləri dəstəyə görə təşəkkür edib.
Səbinə Əliyeva Ombudsman institutunun ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladaraq bu vəzifənin tarixi və mənəvi məsuliyyətini vurğulayıb.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, tarixi, mədəni və dini abidələrin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və onların hüquqlarının təmin olunması mühüm əhəmiyyət daşıyır. Bu prosesdə Böyük Qayıdış Proqramının uğurla icrası insan hüquqlarının təmin olunması istiqamətində dövlət siyasətinin mühüm təzahürlərindən biridir.
Səbinə Əliyeva ötən illərdə fəaliyyətinin əsas istiqamətlərinin insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, Ombudsman institutuna əlçatanlığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və təsisatın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi olduğunu bildirib.
O, 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə münaqişədən zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi, Ermənistan tərəfindən beynəlxalq hüququn və insan hüquqlarının pozulması hallarının araşdırılması, sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən də danışıb.
Əliyeva qeyd edib ki, Prezidentin qanunvericilik təşəbbüsləri əsasında Ombudsmanın mandatı genişləndirilib, inklüzivliyin təmin edilməsi, işğal və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə müstəqil monitorinq səlahiyyətləri müəyyənləşdirilib. Şikayətlərin araşdırılması və milli preventiv mexanizm çərçivəsində fəaliyyətin hüquqi imkanları da gücləndirilib.
O, regional mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsinin, eləcə də Naxçıvan Muxtar Respublikasında yeni regional mərkəzin yaradılmasının əhalinin hüquq müdafiə mexanizmlərinə əlçatanlığını artırdığını diqqətə çatdırıb.
Səbinə Əliyevanın sözlərinə görə, Ombudsmanın hüquq müdafiə, preventiv və nəzarət fəaliyyəti beynəlxalq səviyyədə müsbət təcrübə nümunəsi kimi dəyərləndirilir. Azərbaycan Ombudsmanının beynəlxalq təşkilatlarda rəhbər vəzifələrə seçilməsi, müxtəlif beynəlxalq şəbəkələrə üzvlüyü və təmsilçiliyinin genişlənməsi də bu əməkdaşlığın nəticələrindəndir.
O, qarşıdakı dövr üçün prioritetləri də açıqlayıb. Bunlara həssas əhali qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, milli preventiv və müstəqil monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, rəqəmsal transformasiya və süni intellekt kontekstində insan hüquqlarının müdafiəsinə dair müasir yanaşmaların tətbiqi daxildir.
Bununla yanaşı, hüquqi maarifləndirmənin yeni tələblərə uyğun qurulması, ictimai iştirakçılığın təşviqi və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi də əsas hədəflər sırasındadır.
“Beynəlxalq əməkdaşlıq çərçivəsində milli təcrübənin təşviqi, ölkəmizin insan hüquqları sahəsində nailiyyətlərinin, eləcə də müharibə və postmüharibə dövrünün humanitar nəticələrinin obyektiv faktlar və hüquqi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətimiz davam etdiriləcək”, – deyə o bildirib.
Səbinə Əliyeva çıxışının sonunda yenidən göstərilən etimadı insan hüquq və azadlıqlarının müdafiəsi missiyasına verilən xüsusi dəyər kimi qiymətləndirib. O, əldə edilmiş təcrübə və gücləndirilmiş institusional imkanların Ombudsman institutunun fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsinə zəmin yaradacağını, Milli Məclislə əməkdaşlığın daha da gücləndiriləcəyini söyləyib.
Zeynəb Rzayeva
















