• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Od çərşənbəsində bazarlar od tutub yanır

CƏMİYYƏT

28 Fevral 2023 | 10:27 | Müəllif: Qalib İbrahimoğlu

Od çərşənbəsində bazarlar od tutub yanır

Bu gün Novruzun ikinci çərşənbəsi - Od çərşənbəsidir. Artıq yazın ətri duyulur. Novruz bayramına hazırlıq başlayıb. Dükan-bazarlar müxtəlif növ ləpələr, çərəzlərlə doludur, Qiymətinə gəlincə isə...

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bazar tələb və təklif aksiomu ilə işləyir: “Bazarın və qiymətin formalaşmasına istehlakçıların tələbi və yaxud tələb etməməsi təsir edir. Əgər tələb zəifləsə, qiymət düşəcək və məhsulu bazara çıxaran olmayacaq”.

Eyyub Hüseynob, AİB sədri

Onun sözlərinə görə, bu il qoz-fındığın baha olmasının birinci səbəbi quraqlıqdır. Qoz-fındığın yetişdirilmə prosesində problemlər olub:  “Üstəlik, regionlarda qoz-fındığı topdan alan insanlar var, yeni zavodlar istifadəyə verilib. Əhali üçün riskə atmadan məhsullarını yığan kimi ora təhvil vermək rahatdır. Həmçinin, bu il fındıqlarda aflatoksin deyilən zəhərli göbələklər çox olub. Ona görə də, fındıqların çox böyük bir hissəsi göbələk xəstəliyinə tutulduğundan yararsız olub”.

AİB sədri qeyd edib ki, fındığı istehlak edəndə ləpəsini sındırmaq lazımdır: “Ləpənin içərisində düyüdən kiçik bir boşluq var. O boşluğun içində sarı rəng görünürsə, bu o deməkdir ki, fındıq aflatoksin göbələyi ilə zəhərlənib. Bu, insanları zəhərləyə, hətta öldürə bilər. Belə fındıq ağıza acılıq verir. İstehlakçılara məsləhət görürəm ki, ağızlarında acılıq hiss etdikdə onu udmasınlar. Qiymət artımının da səbəbi bu il qoz-fındıq istehsalının az olması, tələbatın çoxalmasıdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açəqlamasında bildirib ki, Azərbaycanda bayramqabağı qiymətlərin bahalaşması həmişə olub: “Belə bir xroniki xəstəlik var. Bunun inzibati qaydada tənzimlənmə mexanizmi yoxdur. Dövlətin hansısa bir formada buna qarışma hüququ da yoxdur. Dövlət yalnız gəlir vergisinə qarışa bilər. Qarışması da doğru deyil. Çünki dövlət qiymət tənzimləməyə başlayanda daha da qalxır. Biz dərman preperatlarının qiymət rənzimlənməsində bunun şahidi olduq”.

Natiq Cəfərli, iqtisadçı-ekspert

Onun sözlərinə görə, klassik iqtisadi nəzəriyyəyə görə bunun iki yolu var:

“İstehsalın artması və rRəqabətin artması. Əsas problem də burdadır. Azərbaycanda istehsalın zəif, istehsal sahələrin az olması kifayət qədər ciddi problemlər yaradır. Bu problem nəticəsində məhsullar az istehsal olunur”.

Ekspert qeyd edib ki, bir məhsul az istehsal olunur və ixrac olunursa, qiymət artır: “Rəqabət yoxdur. Rəqabət olmadığı üçün də qiymətlər artır. Nəticə etibarilə də rəqabətsizlik mühitində qiymətlər daha da artır. Bunun klassik çıxış yolu istehsalın stimullaşdırılması, artırılması, rəqabətin genişləndirilməsindən keçir. Açığı, bunun başqa yolu yoxdur. Digər bir yol xaricdən gətirilməsidir. Onun üçün də gömrük rüsumları və vergilərin azaldılmsına ehtiyac var ki, qiymətlər düşsün. Bu da yerli istehsalçılara ziyan vuracaq. Ona görə də, çox təəssüf ki, Azərbaycanda uzun illərdir istehsalın artması ilə bağlı planların hökumət tərəfindən elan olunub yerinə yetirilməməsi indiki vəziyyətə gəlməsinə səbəb olur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026