Son günlər sosial şəbəkədə qəbiristanlıqda dava videosu diqqət mərkəzinə düşüb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhər Əli qəbiristanlığında baş verib.
Məsələ ilə bağlı Mingəçevir Bələdiyyəsinin Qəbiristanlıqların İdarəolunması və Saxlanılması Şöbəsinin rəsmisi Rəfayıl Məmmədov Bakıvaxtı.az-a deyib ki, hadisə bir neçə il öncə baş verib. Onun sözlərinə görə, olay yaşlı şəhər sakini ilə uzun müddət Əli qəbiristanlığında özünü molla kimi təqdim edən Nazir Əliyev arasında yaşanıb:
"Şəhər sakinini müşayət edərək bir neçə məzar üstündə Quran oxuyan Nazir Əliyev təqaüdçü kişidən ödəniş istəyib. O da 1 manatı olduğunu deyərək, pulu mollaya uzadıb. N.Əliyev isə yaşlı sakinə "bu, nə puldur mənə verirsən" deyərək üstünə hücum edib, söyərək təhqir edib. Kənardan hadisəni müşahidə edən bir başqa ziyarətçi isə tərəflər arasındakı münaqişəni lentə alıb".
Rəfayıl Məmmədov baş verənlərin illər sonra sosial şəbəkədə yayımlanmasına da aydınlıq gətirib:
"Faktiki olaraq Psixonevroloji Dispanserdə rəsmi qeydiyyatda olan Nazir Əliyev lə ziyarətçilər və qəbristanlıqda yer alan din xadimləri arasında dəfələrlə müxtəlif xarakterli insidentlər yaşanıb. Buradakı mollalar və ictimaiyyət onun buradan uzaqlaşdırılmasına çalışıb. Son bir ay ərzində isə adıçəkilən şəxs özü sosial şəbəkədə fəallıq edərək bir çox şəxsi böhtanla ittiham və təhqir edib. Təbii ki, istər bələdiyyə, istərsə də din xadimlərinin cavabı gecikməyib. Bunu görən digər şəxslər də onunla bağlı əllərində olan materialları sosial şəbəkədə paylaşmağa qərar verib".
Qeyd edək ki, məsələ ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə rəsmi müraciət olunub və araşdırma başlanıb.
Münaqişəyə səbəb olan şəxsin Psixonevroloji Xəstəxanaya göndərilməsinə qərar verilib.
Murad İsmayıl
Bakı 






