Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar üçün Moskvaya dəvət edilməsini Rusiyanın böyük xoşməramlı jesti adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, Lavrov bu barədə BRICS sammiti çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.
“Bu şəxsə (Zelenskiyə – red.) dəvət göndərilib. Əgər görüşmək istəyirsə, qoy gəlsin. Bu, artıq bizim tərəfimizdən böyük bir xoşməramlı jestdir. Çünki o, hələ də Putin və onun komandası ilə əlaqələri qadağan edən fərmanını ləğv etməyib”, – deyə Lavrov bildirib.
Nazir bu sözləri Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyi ilə bağlı açıqlamalarını şərh edərkən səsləndirib.
Qeyd edək ki, Vladimir Putin daha əvvəl bir neçə dəfə Zelenskinin dialoqa hazır olduğu təqdirdə Moskvaya gələ biləcəyini bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Zelenskinin Rusiya paytaxtına səfərlə bağlı dəvətinin qüvvədə qaldığını təsdiqləyib.
















