Bakı bir çox göstərici üzrə iqtisadi rayonlar arasında liderdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı deyib.
Nazir iqtisadi rayonlar üzrə nəticələrin əks olunduğu cədvəli təqdim edib. Cədvəldə orta bal, 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı, həmçinin 5 və 6-cı səviyyələr üzrə göstəricilər yer alıb.
Belə ki, Bakıda riyazi savadlıq üzrə orta bal 460, təbiət elmləri üzrə 440, oxu savadlılığı üzrə isə 405 bal təşkil edib.
Paytaxtda riyazi savadlıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 37 faiz, 5 və 6-cı səviyyələrdə olanların payı 8 faizdir. Təbiət elmlərində bu göstəricilər müvafiq olaraq 38 və 1 faiz, oxu savadlılığında isə 51 və 0,2 faiz təşkil edib.
Abşeron-Xızı iqtisadi rayonunda riyazi savadlıq üzrə orta bal 449, təbiət elmləri üzrə 429, oxu savadlılığı üzrə isə 393 bal olub.
Gəncə-Daşkəsən iqtisadi rayonunda orta bal riyazi savadlıq üzrə 437, təbiət elmləri üzrə 419, oxu savadlılığı üzrə 376 bal təşkil edib.
Naxçıvanda isə riyazi savadlıq üzrə 436, təbiət elmləri üzrə 421, oxu savadlılığı üzrə 385 bal qeydə alınıb.
Emin Əmrullayev bildirib ki, regionlar üzrə nəticələr arasındakı fərqlər, xüsusilə paytaxtla digər iqtisadi rayonların göstəriciləri təhsilin keyfiyyətinin ərazi bölgüsü üzrə təhlilində mühüm rol oynayır.
Zeynəb Rzayeva
















