“Evim olsun, maşınım olsun, evlənərəm”, “İş tapa bilmirəm, necə evlənim?”, “Kiminsə qızını gətirdim, özümə baxa bilmirəm, onu necə saxlayacam?” Son illər evlənmək istəməyən gənclər arasında bu fikirlər daha tez-tez səslənir. Psixoloqlara görə, bunlar evlənməmək üçün bəhanələrdi. Əslində gənclərin evliliyə can atmamasının səbəbi onların qorxmalarıdır. Bəs bu qorxunu yaradan səbəb nədir?
Psixoloq Günay Kərimi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, evlilik hər kəsin həyatında ən vacib hadisələrdən biridir: “Lakin bəzi insanlar evlənmək vaxtı gələndə qorxmağa başlayır. Əfsuslar olsun ki, son zamanlar ölkəmizdə boşanmaların sayı artmaqdadır. Səbəb olaraq ilk tərəflərin xasiyyətinin uyuşmaması göstərilir. Müxtəlif səbəblərdən yola getməyən, ailəiçi problem yaşayan cütlüklər bir müddət sonra boşanmağa üz tutur. Bəzən buna şahid olan gənclər evlənmək qorxusu ilə üz-üzə qalır və “evlənməkdən qorxuram” deyirlər”. Onun sözlərinə görə, çox vaxt da gənclər evləndikdən sonra evini təmin edə bilməyəcəyindən, yəni məsuliyyət, fədakarlıq, paylaşmaq və xoşbəxt ola bilməməkdən qorxurlar. Həmçinin, gənclərin əksəriyyəti seçiminin doğru olub-olmadığına tərəddüd etdikləri üçün sevilməmək düşüncəsindən qorxur.
Psixoloq bildirib ki, evliliklər sevgi üzərində qurulanda cütlüklər bir çox çətinliklərə dözürlər və bu, onların xoşbəxtliyinə mane olmur.
Müsahibimiz onu da qeyd edib ki, bəzən uşaqlar kiçik yaşlarından natamam ailələrdə böyüyür, boşanmaya, şiddətə şahid olur. Bu zaman artıq kiçik yaşlardan uşaqlarda evlənmək qorxusu yaranır, qarşı cinslə münasibət qurmaqdan qorxurlar. “Ona görə də, gənclər sağlam ailə modelini yaratmalı və doğulacaq övladlarına bunu nümunə olaraq yaşatmalıdılar ki, onun da övladı gələcək ailəsində bu sağlam ailə modelini qura bilsin”, - deyə Günay Kərimi əlavə edib.
Aytac Aslan





jpg-1681544153.webp)










