Ermənistan ordusunda hərbi salam vermə qaydasının dəyişdirilməsi müzakirə olunur.
Bakıvaxtı.az xəbər verir ki, “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, NATO ölkələrinin ordularındakı təcrübəyə uyğun olaraq, hərbçilərin baş geyimi olmadan hərbi salam verməsi nəzərdə tutulur. Hazırda isə salamlaşma baş geyiminə əl qaldırmaqla həyata keçirilir.
Nəşrin mənbəsi iddia edib ki, bu dəyişiklik hərbçilər arasında narazılığa səbəb olub və onlar yeniliyi mənasız hesab edirlər.
Ermənistan Müdafiə Nazirliyi isə “Sputnik Armenia”ya bildirib ki, bununla bağlı hər hansı qərar qəbul edilməyib. Nazirlik məsələ ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyib.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan daha əvvəl ölkə ordusunun NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmənin ilk mərhələsini başa vurduğunu açıqlayıb.
Murad İsmayıl
















