• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Britaniyadan hərbi yardım istədilər: London müharibəyə girəcəkmi?

SİYASƏT

15 Sentyabr 2026 | 15:09 | Müəllif: Günəş Mərd

Britaniyadan hərbi yardım istədilər: London müharibəyə girəcəkmi?

Səudiyyə Ərəbistanı Yəməndə “Ənsar Allah” hərəkatı (husilər) ilə münaqişədə Londondan hərbi yardım istəyib. Ər-Riyad İrana bağlı qruplaşmanın hücumunun qarşısını almaq üçün operativ hərbi yardım, həmçinin ölkənin neft infrastrukturunun hücumlardan qorunmasına dəstək tələb edib.

Məlumata görə, Böyük Britaniyanın Baş naziri Endi Börnhem hələ bununla bağlı yekun qərar qəbul etməyib. Börnhem yalnız hərbi məsləhətçilərin Səudiyyə Ərəbistanına göndərilməsinə razılıq verib. 

“Bloomberg“ bildirir ki, Börnhemin bu yardımı göstərməyə hazır olub-olmadığı hələ məlum deyil. Baş nazirin müşavirləri isə husilərin Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməsinin beynəlxalq gəmiçiliyə ciddi zərbə vuracağını və dünya iqtisadiyyatına əlavə mənfi təsir göstərəcəyini bildiriblər.

Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, Səudiyyə Ərəbistanın öncə ABŞ-dən, sonra İsraildən, indi isə Böyük Britaniyadan hərbi yardım istəməsi zavallı və yanlış xarici siyasətin təzahürüdür.

Onun sözlərinə görə, bu, sadəcə Ər-Riyada aid məsələ deyil: 

“Səudiyyə Ərəbistanın indi müraciət etdiyi Böyük Britaniyanın zamanında çox ciddi səyləri ilə Osmanlının içərisində cırtdan ərəb dövlətləri ortalığa çıxarıldı. Bu ərəb dövlətləri böyük maliyyə, neft və enerji daşıyıcıları verməklə bugünədək özlərinin təhlükəsizliklərini təmin ediblər. ABŞ-nin təhlükəsizlik çətiri altında bunun davamlı və daimi proses olduğunu düşünürdülər. Ancaq ilk böyük sınaqda, ABŞ-İran qarşıdurmasında bu siyasətin nə qədər yanlış olduğunu gördülər. O səbəbdən, özünə düşmən saydığı İsrail dövlətindən bu gün hərbi kəşfiyyat yardımları istəyir".

Natiq Miri, politoloq

Müsahibimizə görə, ən ciddi göstərici və üzərində dayanılacaq məqam ondan ibarətdir ki, keçmiş “təhlükəsizlik doktrinası” artıq təhlükəsizlik vəd etmir:

"Deməli, regionda sabitliyi və təhlükəsizliyi təmin etmək üçün mövcud reallıqları ortaya qoya biləcək ciddi təhlükəsizlik arxitekturasının yaradılmasına ehtiyac var. Belə bir ittifaq əlbəttə ki, "Məkkə sazişi"nin iştirakçıları tərəfindən təşkil edilə və gələcəkdə daha da gücləndirilə bilər. Amma hələlik "Məkkə sazişi"nin qarşılıqlı hərbi yardımla bağlı mexanizmləri razılaşdırılmayıb”.

N.Miri əlavə edib ki, bu gün husilər və digər proksi-qüvvələr İranın sərəncamında olan qüvvələrdir. Ona görə də Pakistan və Türkiyənin hərbi cəhətdən hərəkətə keçməsi dolayısı ilə müsəlman ölkələrin qarşıdurmasını vəd edir: 

"Bunu istəyən bir çox qüvvələr var. Onların məqsədi müsəlmanları qarşı-qarşıya qoymaqdır. Üstəlik, Səudiyyə Ərəbistan hansısa legitim qüvvə ilə mübarizə aparmır. Söhbət terrorçu qruplaşmalardan gedir. Onların da mənbəyi İrandır. İran isə kölgədədir”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026