Azərbaycan dilinin izahlı lüğətində bədxərclik anlayışı aşağıdakı şəkildə izah edilir: “Pulun səmərəsiz və mənasız yerə sərf edilməsi, xərcini bilməməsi və israfçılıq”.
Sahib olunan maddi və mənəvi imkanların gərəksiz şəkildə xərclənməsinə bədxərclik deyilir. Bir adamın pulunu, zamanını, malını yerli-yersiz xərcləməsi, boşa keçirməsi bədxərclikdir. İsrafçılıq da bədxərcliklə eyni mənanı daşıyır. Sahib olduğumuz maddi və mənəvi dəyərləri bədxərcliklə xərclədiyimizdə onun geriyə qaytarılması çox zaman qeyri-mümkün olur.
Bədxərclik, fərdlərə və cəmiyyətə çox böyük zərər verir. Ailəmizin və millətimizin yoxsul düşməsinə səbəb olur. İsraf edən adamlar əlindəki maddi imkanları davamlı olaraq xərcləməyə həvəsli olur. Bol xərcləməyə alışdığı üçün, gəliri çatmadığında qanunsuz yollardan qazanmağa çalışır. Bəzən də yoxluq içərisinə düşməsi səbəbiylə ailəsinə, ətrafına və ölkəsinə yük olurlar. Cəmiyyətdə bunun nümunələrini tez-tez görmək mümkündür.
Bədxərcliyi aradan qaldırmaq üçün nə etmək lazımdır? Maliyyə məsələləri üzrə kespert Əkrəm Həsənov Bakıvaxtı.az-a bildirib ki, bədxərcliyin qarşısını almaq üçün ən əsas qayda illik və aylıq xərclərin siyahısının tutulmasıdır: “Prinsipcə insanlar üç qrupa bölünür. İnsanların bir qismi çox xəsis, bir qismi çox bədxərc, bir qismi də qənaətcil olur. Bədxərcliyin qarşısını almağın ən əsas yolu odur ki, şəxs ay ərzində xərclərinin siyahısını tutsun və sonra təhlil etsin ki, ötən aylar ərzində nələri alıb. Aldıqları doğrudan da lazım idimi? Buna görə də insanın həyatına dair illik planı olmalıdır. Yəni, məsələn il ərzində hansı planlar var, nələrə pul xərclənməlidir”.
Ekspertin sözlərinə görə, insanlar reklamların təsirinə düşməməlidir: “Hər mağazaya gedəndə siyahı tutulmalıdır və ondan kənara çıxılmamalıdır. Çünki mağazalarda marketinq qaydalarına uyğun olaraq mallar elə düzülür ki, insanları cəlb etsin. Həmçinin kreditlərdən qaçmaq lazımdır. Məsələn, adam xaricdə və ya ölkə daxilində istirahətə getmək və ya telefon dəyişmək üçün kredit götürməz. “Qonşudan qalma geri” prinsipindən də qaçmaq lazımdır. Yediyimiz yeməklərə də pul xərcləyəndə düşünməliyik ki, bu, mənə xeyirdimi, ona bu qədər pul ödədim?! İnsanlar bu kimi hallarda özünə məhdudiyyət qoya bilsə, bədxərclik problem həll oluna bilər”.
Nuranə Daxilqızı
















