Ağdamda xidməti vəzifəsini yerinə yetirərkən abonent tərəfindən bıçaqlanan iki montyordan biri süni tənəffüs aparatına qoşulub.
Bakıvaxtı.az xəbət verir ki, bu barədə APA-ya xəstəxanadan bildirilib. Qeyd olunub ki, bıçaq yarası ilə xəstəxanaya yerləşdirilən Şükür Mirzəyevin vəziyyəti ağırdır.
Yeri gəlmişkən, Daxili İşlər Nazirliyi (DİN) Ağdamda "Azərişıq" əməkdaşlarının bıçaqlanması barədə məlumata münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəhim Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda araşdırma davam etdirilir.
***
18:47
Ağdamda abonent "Azərişıq" ASC-nin iki işçisini bıçaqlayıb, bir nəfəri isə döyüb.
Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, ASC-nin Ağdam Elektrik Şəbəkəsi idarəsinin əməkdaşları Mirzəyev Taryel və Mirzəyev Şükür borclu abonent Kərimov Rəhim Davud oğlu tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, hadisəni törədən şəxs 175 manat borcu olduğundan elektrik verilişini dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
















