• Bakı 22° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq müstəvidə öz sözünü deyir

SİYASƏT

17 Sentyabr 2026 | 10:23 | Müəllif: Zeynəb Rzayeva

Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq müstəvidə öz sözünü deyir

"Azərbaycan–Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvəyə çatıb və iki ölkə arasında əlaqələr investisiya, ticarət, müdafiə, təhlükəsizlik, humanitar sahələrdən tutmuş beynəlxalq təşkilatlarda əməkdaşlığa qədər geniş spektri əhatə edir".

Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Azərbaycan–Türkiyə münasibətlərinin hazırkı vəziyyətindən Bakıvaxtı.az-a anışarkən deyib.

Müsahibimiz bildirib ki, Prezident İlham Əliyev Azərbaycan–Türkiyə münasibətlərini səciyyələndirən fikri olduqca gözəl ifadə edib:

"Dövlət başçısı bildirib ki, Türkiyə–Azərbaycan münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir. Tarix boyu Türkiyə ilə Azərbaycan arasına nifaq salmaq istəyən qüvvələr və güclər olsa da, önəmli amil odur ki, eyni can və qandan olan qardaşlar heç bir halda buna imkan verməyiblər. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqaz qədər mürəkkəb bir regionda qan axıdılmasının hər zaman əleyhinə olmuşuq. Biz, həmçinin, məkrli qüvvələrin qarşısında qətiyyətlə durmuşuq və bildirmişik ki, bölgənin yerli xalqıyıq. Bu torpaqlarda dövlət quran, bu ərazilərə dövlətçilik ənənələri qazandıran xalqıq”, - deyə Şəbnəm Həsənova qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan–Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvəyə çatıb:

“Cənab Prezident İlham Əliyev elə bir siyasət yürüdüb ki, iki ölkənin münasibətləri qırılmaz və ayrılmaz bağlarla bir-birinə bağlanıb. Məhz bunun nəticəsidir ki, iqtisadi sahədə 110 bəndlik yol xəritəsi əsasında çoxşaxəli əməkdaşlıq istiqamətində irəliləyirik”.

Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə münasibətlərini sadəcə birtərəfli istiqamətdə dəyərləndirmək olmaz və yaxud  bunu yalnız iki ölkə münasibətləri kontekstində başa düşmək artıq olduqca gecdir:

“İki ölkə arasında münasibətlər investisiya, ticarət, müdafiə, təhlükəsizlik, humanitar sahələrdən tutmuş beynəlxalq təşkilatlarda əməkdaşlığa qədər geniş spektri əhatə edir. Hətta üçüncü tərəflərə qarşı münasibətdə də biz birgə fəaliyyət ortaya qoymağı bacarırıq.

Regionun infrastruktur layihələrinin icra edilməsində Azərbaycan və Türkiyənin prioritet mövqedə olduğu artıq danılmaz faktdır. Dünyanın yeni çağırışlarına münasibətdə də biz bənzər addımlar atırıq. Alternativ enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir”.

Ş.Həsənova qeyd edib ki, bütün bunların hər biri sağlam təməllər üzərində formalaşır:

“Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edərkən bir daha Rəcəb Tayyib Ərdoğana salamlarını çatdırmaqla, həm də Azərbaycan–Türkiyə qardaşlığının və strateji müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyini bütün dünyaya nümayiş etdirmiş oldu, daimi təmasların mövcudluğuna diqqət çəkdi”.

Şəbnəm Həsənova:

Politoloqun sözlərinə görə, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə keçirdikləri mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran cənab Ceyhun Bayramov olduqca önəmli bir məsələyə toxunub:

“Yeni reallıqlar yeni imkanlar yaradır, yeni imkanlar isə yeni yanaşmalar tələb edir”. Deməli, yeni imkanlar üzərində də müntəzəm şəkildə iş gedir. Məsələnin davamı olaraq cənab Hakan Fidan Rusiya–Ukrayna müharibəsinin genişlənməsinin qarşısının alınması üçün addımların atıldığını bildirdi. Deməli, iki ölkə arasındakı münasibətlər bir neçə istiqamətlə məhdudlaşmayıb, həm də beynəlxalq arenada hansı addımların atılacağı ilə bağlı ortaq mövqenin mövcudluğundan xəbər verir.

ABŞ Prezidenti Donald Trampın fikirlərinə diqqət çəkilməsi, BMT-də atılan addımlara qədər məsələlərin mətbuat konfransı zamanı bir daha dilə gətirilməsi, Qars-Dilucu dəmir yolu ilə bağlı razılaşdırılan vizyonun olması, Qara dəniz məsələsi ilə bağlı göstərilən həssaslığın vurğulanması ondan xəbər verir ki, iki ölkənin münasibətləri artıq beynəlxalq müstəvidə də öz sözünü deyir”, - deyə politoloq əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026