ABŞ Müdafiə Nazirliyi hesab edir ki, İrana endirilən hava zərbələri hazırkı mərhələdə maksimum effektivlik həddinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Hörmüz boğazı ətrafında bombardmanların dayandırılmasını tövsiyə edib. O bildirib ki, bu zərbələr artıq effektivlik həddinə çatdığı üçün onların davam etdirilməsi məqsədəuyğun deyil.
Portalın yazdığına görə, Kuperin və ABŞ administrasiyasının bir sıra nümayəndələrinin mövqeyi Prezident Donald Trampın İrana qarşı hava zərbələrini müvəqqəti dayandırmaq qərarına təsir göstərib.
"Axios" qeyd edir ki, bu, həm hərbi, həm də mülki müşavirlərin hərbi əməliyyatlar və xüsusilə hava hücumları ilə əldə edilə biləcək nəticələrin məhdud olduğunu qəbul etməsi kimi qiymətləndirilir.
Bununla yanaşı, Bred Kuper zərurət yaranacağı təqdirdə genişmiqyaslı hərbi əməliyyatların bərpa oluna biləcəyini də istisna etməyib. Onun fikrincə, bu halda ABŞ-nin əvvəlcədən müəyyən etdiyi hədəflərin qalan 20 faizinə də zərbələr endirmək mümkün olacaq.
Mənbələrin bildirdiyinə görə, əgər Donald Tramp İran və Oman arasında Hörmüz boğazının açılması ilə bağlı hazırlanan razılaşmanı qəbul etməsə, bölgədə münaqişənin yenidən genişlənməsi ehtimalı var.
Bakı 



