Avropada müşahidə olunan anomal istilər və yağıntıların kəskin azalması çaylarda su ehtiyatlarının tükənməsinə və quraqlığa səbəb olur. Məsələn, anomal istilər nəticəsində Macarıstanda Dunay çayında suyun səviyyəsi kəskin enib.
Macarıstanın Su Təsərrüfatı İdarəsinin məlumatına görə, iyulun 19-da Budapeşt ərazisində Dunayın su səviyyəsi 2018-ci ilin oktyabrında qeydə alınan rekord minimum göstəricidən cəmi 24 santimetr yüksək olub.
Bildirilir ki, aşağı su səviyyəsi gələn həftənin sonunadək davam edəcək və bu vəziyyət ölkənin cənub bölgələrində, o cümlədən Baya və Moxaç şəhərlərində də müşahidə olunur.
Suyun azalması gəmiçiliyə, xüsusilə turizm kruizlərinə mənfi təsir göstərib.
Oxşar iqlim proseslərinin ölkəmizdə də təkrarlanacağı təqdirdə çaylarda quruma prosesinin nə dərəcədə intensivləşə biləcəyi və bunun su qıtlığına təsirləri xüsusi narahatlıq doğurur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan ekoloq Rövşən Abbasov bildirir ki, Avropada baş verən anomal istilərin yağıntıların kəskin azalması ilə nəticələnməsi fonunda yayın sonuna doğru buzlaqlarla qidalanan çaylarda qar və buz ehtiyatlarının tükənməsi səbəbindən sululuq səviyyəsi kəskin düşür.

Rövşən Abbasov: Sudan daha qənaətlə və səmərəli istifadə olunması məqsədəuyğundur
Ekoloq bildirir ki, Azərbaycanda da analoji vəziyyət yaşanır: yay və yay-payız mövsümlərində – bir qayda olaraq, avqustun sonu və sentyabr aylarında minimal axınlar müşahidə edilir ki, bu da ciddi su çatışmazlığına gətirib çıxarır.
“Məhz bu dövrlərdə sudan daha qənaətlə və səmərəli istifadə olunması xüsusilə məqsədəuyğundur”, - deyə Rövşən Abbasov burğulayıb.
Zeynəb Rzayeva
Bakı 



