ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirməsi dünya siyasi gündəmində yeni müzakirələrə səbəb olub. Oktyabrın 19-da səsləndirilən bu açıqlamaya əsasən, görüş noyabrın 18-19-da Çində keçiriləcək APEC sammiti çərçivəsində baş tuta bilər.
Tramp danışıqların əsas mövzusunun nüvə silahlarına nəzarət olacağını bildirsə də, ticarət və digər beynəlxalq məsələlərin də müzakirəsini istisna etməyib. Hələlik görüşün keçirilməsi barədə yekun razılıq yoxdur. Bununla belə, üç böyük dövlətin liderinin eyni masa arxasında əyləşməsi ehtimalı belə beynəlxalq münasibətlərdə diqqətəlayiq hadisədir.
Bu təşəbbüsün ortaya çıxması təsadüfi deyil. Son illərdə ABŞ, Rusiya və Çin arasında rəqabət yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, hərbi təhlükəsizlik məsələlərində də özünü göstərir. Vaşinqton Çinlə qlobal liderlik uğrunda rəqabət aparır, Rusiya ilə münasibətlər isə Ukrayna müharibəsi səbəbindən ciddi ziddiyyətlərlə müşayiət olunur. Digər tərəfdən, Moskva ilə Pekin arasında əməkdaşlığın genişlənməsi ABŞ-ın xarici siyasət hesablamalarına təsirsiz ötüşmür. Belə bir şəraitdə Trampın hər iki liderlə eyni vaxtda danışıqlara maraq göstərməsi Vaşinqtonun rəqibləri ilə münasibətləri yalnız qarşıdurma üzərindən deyil, birbaşa siyasi dialoq vasitəsilə də tənzimləməyə çalışdığını göstərir.
Mümkün görüşün ən mühüm istiqamətlərindən biri nüvə silahlarına nəzarət məsələsidir. ABŞ və Rusiya arasında strateji nüvə silahlarını məhdudlaşdıran son müqavilə olan "New START"ın 2026-cı ilin fevralında qüvvədən düşməsi beynəlxalq təhlükəsizlik sistemində ciddi boşluq yaradıb. Hazırda böyük nüvə dövlətləri arasında silahlanmanın məhdudlaşdırılmasına dair yeni hüquqi mexanizmin formalaşdırılması zərurəti yaranıb. Lakin burada əsas çətinlik Çinin mövqeyidir. Pekin öz nüvə arsenalının ABŞ və Rusiyanın arsenalından xeyli kiçik olduğunu əsas gətirərək üçtərəfli nüvə tərksilahı danışıqlarında iştirak etməyi indiki mərhələdə ədalətli hesab etmir. Bu isə göstərir ki, liderlərin görüşməsi mümkün olsa belə, konkret razılaşmanın əldə edilməsi kifayət qədər mürəkkəb proses olacaq.

Üçtərəfli görüş ətrafında yaranan müzakirələrin digər mühüm tərəfi Rusiya-Ukrayna müharibəsidir. Moskva üçün Vaşinqtonla birbaşa dialoqun genişlənməsi beynəlxalq təcridin zəiflədilməsi və öz təhlükəsizlik maraqlarının müzakirəyə çıxarılması baxımından əhəmiyyətlidir. Tramp isə Ukrayna məsələsinin mümkün görüşün əsas mövzusu olmayacağını bildirib. Bununla belə, müharibənin Avropa təhlükəsizliyinə təsirini nəzərə aldıqda, Rusiya və ABŞ liderlərinin iştirak etdiyi yüksək səviyyəli danışıqların bu məsələdən tamamilə kənarda qalması çətin görünür. Burada əsas sual Ukraynanın və Avropa dövlətlərinin maraqlarının hansı formada nəzərə alınacağıdır. Çünki müharibənin gələcəyinə dair qərarların Ukraynanın iştirakı olmadan müzakirəsi yeni diplomatik ziddiyyətlər yarada bilər.
Çinin bu prosesdəki mövqeyi də xüsusi diqqət tələb edir. Pekin bir tərəfdən ABŞ ilə iqtisadi münasibətlərdə sabitliyi qorumağa, digər tərəfdən Rusiya ilə strateji əməkdaşlığını davam etdirməyə çalışır. Çin üçün əsas məsələ böyük dövlətlər arasında aparılan danışıqlarda öz maraqlarının qorunması və beynəlxalq qərarların qəbulunda iştirak imkanlarının genişləndirilməsidir. Lakin Pekinin Vaşinqtonla dialoqa maraq göstərməsi onun Moskva ilə münasibətlərindən imtina edəcəyi anlamına gəlmir. Əksinə, Çin hər iki istiqamətdə əlaqələrini qorumaqla daha geniş diplomatik manevr imkanları əldə etməyə çalışa bilər. Bu baxımdan mümkün üçtərəfli görüşü üç dövlət arasında tam siyasi yaxınlaşma kimi deyil, ciddi fikir ayrılıqlarına baxmayaraq ortaq məsələlərin müzakirəsinə yönəlmiş təşəbbüs kimi qiymətləndirmək daha doğru olar.

Nəticə etibarilə, Tramp, Putin və Si Cinpinin mümkün görüşü beynəlxalq münasibətlərdə yeni diplomatik mərhələnin başlanğıcı ola bilər. Ancaq belə bir görüşün keçirilməsi dünya siyasətində mövcud ziddiyyətlərin aradan qalxacağı demək deyil. ABŞ-Çin rəqabəti, Rusiya-Ukrayna müharibəsi, nüvə silahlanması və beynəlxalq təhlükəsizlik məsələlərində tərəflərin maraqları arasında ciddi fərqlər qalmaqdadır. Azərbaycan üçün də bu proseslərin izlənilməsi vacibdir. Çünki böyük dövlətlər arasındakı münasibətlərin dəyişməsi Cənubi Qafqazda təhlükəsizlik mühitinə, nəqliyyat dəhlizlərinə və regional iqtisadi əməkdaşlığa təsir göstərə bilər. Əsas məsələ mümkün görüşün siyasi bəyanatlarla məhdudlaşıb-məhdudlaşmayacağı, yoxsa konkret razılaşmalar üçün zəmin yaradacağıdır. Bunu isə yalnız danışıqların nəticələri göstərəcək.
Züriyə Qarayeva
















