ABŞ-ın Vaşinqton ştatında polis 4 yaşlı oğlunu öldürdüyünü və cəsədini gizlətdiyini etiraf edən kişini saxlayıb. Uşağın qalıqları itkin düşməsindən bir il sonra yaşayış evinin döşəməsinin altında aşkarlanıb.
Bakıvaxtı.az Lent.az-a istinadən bildirir ki, şəxsə ikinci dərəcəli qətl və insan qalıqlarını qanunsuz şəkildə gizlətmək ittihamları irəli sürülüb.
İstintaq ailənin 6 yaşlı qızının itkin düşməsi ilə bağlı daxil olan məlumatdan sonra başlayıb. Məlum olub ki, uşaq anasının yanında təhlükəsiz vəziyyətdədir. Lakin araşdırma zamanı onun kiçik qardaşı, Eydən adlı uşağın da itkin düşdüyü üzə çıxıb.
Ata əvvəlcə oğlunun başqa ştatda yaşayan qohumlarının yanında olduğunu iddia edib. Sonradan isə ifadəsini dəyişərək müstəntiqlərə uşağın başına təsadüfən zərbə vurduğunu və ya hamam otağında yıxıldığını deyib. Lakin məhkəmə-tibbi ekspertizasının nəticələri bu iddiaları təkzib edib.
Mayın 15-də uşağın qalıqları ailənin yaşadığı evin bünövrəsinin altında, zibil torbasının içərisində tapılıb.
Ekspertlər müəyyən ediblər ki, uşağın ölümünə küt əşya ilə vurulmuş zərbə nəticəsində yaranan kəllə-beyin travması səbəb olub. Mütəxəssislərin rəyinə görə, ölüm bədbəxt hadisə nəticəsində baş verməyib.
Bakı 




