“Balanssız qidalanma hamiləlikdə patoloji çəki artımına və anemiyaya səbəb ola bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
R.İsayeva qeyd edib ki, hamiləlik zamanı çəki artımı təbii prosesdir və gözlənilir. Lakin balanslaşdırılmamış qidalanma sürətli və sağlam olmayan çəki artımına səbəb ola bilər:
“Biz hamilədə çəki artımının olmamasını və ya çəkisinin normada qalmasını istəmirik. Hamiləlikdə çəki artımı təbiidir və olmalıdır. Sadəcə balanslaşdırılmamış qida qəbulu zamanı ən çox qorxduğumuz sağlam olmayan, sürətli çəki artımıdır”.
Mama-ginekoloq bildirib ki, düzgün qidalanmama dəmir çatışmazlığına və nəticədə anemiyaya gətirib çıxara bilər. Həmçinin sadə karbohidratların və rafinə olunmuş un məhsullarının həddindən artıq qəbulu insulin müqavimətinin yaranmasına səbəb ola bilər.
Onun sözlərinə görə, bu hallar hamiləlik diabetinin, yəni gestasion diabetin inkişaf riskini də artıra bilər.
Həkim bildirib ki, qidanın kifayət qədər qəbul edilməməsi və qida çatışmazlığı isə dölün ana bətnində inkişafının ləngiməsinə səbəb ola bilər.
“Qidalanmanın zəif olması dölün bətndaxili inkişafının ləngiməsinə gətirib çıxara bilər. Ona görə də balanslaşdırılmış qida qəbulu hamilə üçün ən əsas şərtlərdəndir”, - deyə Ruidə İsayeva əlavə edib.
Zeynəb Rzayeva
















