• Bakı 21° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Şəhərdən kəndə: İlham Əliyevin yeni inkişaf modelinin strateji mesajları

SİYASƏT

26 May 2026 | 13:21

Şəhərdən kəndə: İlham Əliyevin yeni inkişaf modelinin strateji mesajları

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər təkcə aqrar sektorla bağlı texniki çıxış deyil, Azərbaycanın növbəti illər üçün sosial-iqtisadi inkişaf fəlsəfəsini müəyyənləşdirən strateji yol xəritəsi kimi qiymətləndirilə bilər.

Çıxışda həm son 20 ildə regionların inkişafı istiqamətində görülmüş işlərin geniş hesabatı təqdim olundu, həm də gələcək mərhələdə dövlətin prioritetlərinin hansı istiqamətdə formalaşacağına dair aydın mesajlar verildi. Xüsusilə Prezidentin “kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlamalıdır” fikri çıxışın əsas ideoloji xəttini təşkil etdi.

Əslində dünyada urbanizasiya artıq qlobal problemə çevrilib. İnsanların kəndlərdən böyük şəhərlərə axını nəticəsində həm kənd təsərrüfatı zəifləyir, həm regionlar boşalır, həm də şəhərlərdə ciddi sosial və infrastruktur yüklənməsi yaranır. Prezidentin Ümumdünya Şəhərsalma Forumuna istinad etməsi də təsadüfi deyildi. Çünki artıq beynəlxalq təşkilatlar da qəbul edir ki, nəzarətsiz urbanizasiya gələcəyin əsas risklərindən biridir. Azərbaycan isə bu prosesə alternativ model təqdim etməyə çalışır. Burada məqsəd kəndi yalnız aqrar istehsal məkanı kimi deyil, yaşayış, xidmət, məşğulluq və sosial imkanlar baxımından da cəlbedici mühitə çevirməkdir.

Çıxışın diqqət çəkən tərəflərindən biri də Prezidentin problemləri açıq şəkildə etiraf etməsi oldu. Son illərdə kənd təsərrüfatında müşahidə olunan durğunluğun qeyd olunması göstərir ki, hökumət artıq bu sahədə yeni mərhələyə keçidin vacibliyini qəbul edir. Xüsusilə buğda üzrə özünütəminetmə səviyyəsinin 55 faiz olması, bəzi məhsullar üzrə idxaldan asılılığın qalması dövlətin ərzaq təhlükəsizliyi ilə bağlı narahatlığını ortaya qoyur. Bu gün dünyada müharibələr, logistika böhranı, enerji problemləri və iqlim dəyişiklikləri fonunda ərzaq təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Prezidentin çıxışında bu mövzunun xüsusi vurğulanması da məhz bununla bağlıdır.

Eyni zamanda müşavirədə səslənən rəqəmlər Azərbaycanın aqrar potensialının əslində kifayət qədər böyük olduğunu göstərdi. Meyvə-tərəvəz, bostan məhsulları, şəkər, yumurta, fındıqçılıq kimi sahələrdə ölkə artıq ixracatçı mövqeyinə keçib. Bu isə onu göstərir ki, düzgün planlaşdırma və investisiya ilə digər sahələrdə də oxşar nəticələr əldə etmək mümkündür. Prezidentin aqroparklar, intensiv bağçılıq, istixana kompleksləri, müasir suvarma sistemləri və kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqinə xüsusi diqqət ayırması isə aqrar sektorun artıq ənənəvi modeldən texnoloji modelə keçidinin anonsu kimi görünür.

Çıxışın digər mühüm tərəfi dövlət və özəl sektor əməkdaşlığı ilə bağlı idi. Prezident açıq şəkildə bildirdi ki, yeni proqramın əsas yükü təkcə dövlətin üzərində olmayacaq. Yerli və xarici investorların kənd təsərrüfatına daha geniş şəkildə cəlb olunması hədəflənir. Bu isə onu göstərir ki, Azərbaycan aqrar sektoru artıq yalnız sosial sahə kimi deyil, böyük iqtisadi və investisiya platforması kimi təqdim etməyə çalışır. Xüsusilə 5 milyard manatdan artıq investisiya potensialının səsləndirilməsi kənd təsərrüfatının növbəti illərdə iqtisadi prioritetlərdən biri olacağını göstərir.

Su məsələsinə ayrılan geniş yer də təsadüfi deyildi. Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının bərpası, yeni kanalların tikintisi və müasir suvarma sistemlərinin genişləndirilməsi göstərir ki, dövlət postmünaqişə dövründə həmin əraziləri həm kənd təsərrüfatı, həm də yaşayış baxımından yeni iqtisadi mərkəzlərə çevirmək niyyətindədir. Bu, həm də strateji məna daşıyır. Çünki kəndlərin dirçəldilməsi regionların məskunlaşması, məşğulluğun artması və daxili sosial balans baxımından olduqca vacibdir.

Ümumilikdə Prezident İlham Əliyevin bu çıxışı aqrar sektorla bağlı adi müşavirədən daha geniş məna daşıyır. Burada söhbət təkcə məhsuldarlıqdan və ya subsidiya mexanizmlərindən getmir. Əslində dövlət yeni inkişaf fəlsəfəsi formalaşdırmağa çalışır: regionların gücləndirilməsi, kəndlərin dirçəldilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və urbanizasiya təzyiqinin balanslaşdırılması. Bu baxımdan çıxış həm iqtisadi, həm sosial, həm də strateji təhlükəsizlik aspektindən önəmli mesajlarla yadda qaldı.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR