Sosial şəbəkələrdə saxta hesablar açaraq “Sərhədaz.az” saytının baş redaktoru Asim Abdullayevi və “RealAzərbaycan.az” saytının təsisçisi Dəyanət Babayevi təhqir etməkdə ittiham olunan İhamə Kərimova saxlanılıb.
Bakıvaxtı.az-ın “Unikal”a istinadən məlumatına görə, İhamə Kərimova Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
İstintaq zamanı onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-2.2.2-ci (əməlin iki və ya daha çox şəxsə qarşı törədilməsi), 148-2.2.3-cü (şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədilməsi) və 148-2.2.4-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar törədilməsi) maddələri ilə ittiham irəli sürüldüyü bildirilir.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə İhamə Kərimova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 148-2.2-ci maddəsinin qeyd olunan bəndlərində nəzərdə tutulan əməl üzrə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İttihamın məhkəmədə sübuta yetirilib-yetirilməməsindən asılı olaraq şəxsin yekun hüquqi vəziyyəti məhkəmə qərarı ilə müəyyən ediləcək.
















